Paşinyan Araiklə görüşdən imtina etdi

Paşinyan Araiklə görüşdən imtina etdi

Xankəndidəki separatçı-terrorçuların “başçısı” Araik Arutyunyan dəstəsi ilə birlikdə üç gündür İrəvandadır.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, separatçı dəstənin İrəvana getməsinin səbəbi Praqa görüşündən sonra gələcək talelərinin müzakirə edilməsidir.

Lakin Ermənistan mediası Araik və dəstəsinin nə Paşinyanla, nə də hökumətin hansısa qanadı ilə görüşünün hələ də keçirilmədiyini yazır.

Məlumata görə, Araik və dəstəsini Ermənistan parlamentinin spikeri Alen Simonyan qəbul etməlidir. Simonyan Rusiyada səfərdədir və qəbul yalnız səfərdən sonra baş tuta bilər.

“Araik Arutyunyan və “nümayəndə heyətini” Paşinyan qəbul etməli idi, lakin baş nazir görüşdən imtina edib, əvəzində Simonyanla danışıqlar aparılmalıdır”, – Ermənistan mediası yazır.

Qeyd edək ki, bir qrup erməninin Praqa görüşündən sonra Xankəndidə başlatdığı etiraz davam edir. Onlar Araik və dəstəsinin İrəvandan qayıtmasını və suallarını cavablandırmasını gözləyirlər. Aksiyanın təşkilatçılarından olan Tiqran Petrosyan deyir ki, üç gündür İrəvanda olan Araik Arutyunyanın Xankəndiyə qayıtmayacağından da şübhələnirlər.

Separatçı rejim isə erməni jurnalistlərin Arutyunyanın qayıdıb-qayıtmaması haqda sualına cavab vermir. Ermənistan hökuməti “görüşlər keçirilsə, məlumat veriləcək” – deyə qısa açıqlama yayıb.

Teqlər: