Paşayeva Qırğız Yazıçılar Birliyinin başqanı ilə görüşdü

Paşayeva Qırğız Yazıçılar Birliyinin başqanı ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qırğız Milli Yazıçılar Birliyinin başqanı, əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekovla görüşüb.

AzerTimes xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş ölkələrimiz arasında ədəbi-mədəni əlaqələr, habelə digər əməli fəaliyyət sahələri üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fikir mübadiləsi zamanı dövlət başçıları İlham Əliyev və Sadır Japarovun son illər intensiv görüşləri, rəsmi dövlət və işgüzar səfərlərinin, prezidentlərin şəxsi dostluq və qardaşlığının qardaş, dost ölkələrimizin bütün vətəndaşları üçün örnək təşkil etdiyi xüsusi vurğulanıb. Prezident Japarovun bir il öncə Azərbaycana, Prezident Əliyevin 6 ay öncə Qırğız Respublikasına rəsmi dövlət səfərləri, eləcə də prezidentlərin Özbəkistan, Qazaxıstan, Türkiyə və başqa ölkələrdəki tədbirlərdə birgə iştirakları, görüşləri, fikir mübadilələri və bunların ölkələrarası işbirliyinin güclənməsinə təsirləri məmnuniyyətlə xatırladılıb.

Qənirə Paşayeva Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda gerçəkləşən silsilə tədbirlərdə iştirak etdiyi üçün N.Kalıbekova təşəkkür edib, qardaş ölkə yazarlarına, aydınlarına uğurlar diləyib. O, ortaq tarixdən gələn, oxşar problemlər yaşamış xalqlarımızın tarixin bütün dönəmlərində bir-birinə dəstək nümayiş etdirməsini minnətdarlıq duyğuları ilə qeyd edib.

Əməkdar mədəniyyət xadimi N.Kalıbekov qonaqpərvərliyə, ətraflı fikir mübadiləsinə görə Q.Paşayevaya, onun timsalında MM Mədəniyyət Komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı yazarlara, dostlarına təşəkkür edərək, Azərbaycana səfərdən məmnunluğunu bildirib.

Q.Paşayeva N.Kalıbekova xatirə hədiyyələri bağışlayıb.

Teqlər: