Paşayeva Murad Toylu ilə görüşdü

Paşayeva Murad Toylu ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “TRT-Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murad Toylu ilə görüşüb.

AzerTimes xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş ölkələrimiz arasında günü-gündən güclənən əlaqələr, yeni əməkdaşlıq imkanları və yaradıcı insanların, aydınların üzərinə düşən mənəvi öhdəliklər mövzusunda fikir mübadiləsi aparılıb.

Q.Paşayeva sədri olduğu Komitənin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda bu il aprelin birinci ongünlüyündə gerçəkləşən silsilə tədbirlərdə yaxından iştirak etdiyi üçün M.Toyluya təşəkkür edib, Türkmənistan yazarlarına, aydınlarına salam-sayğılarını yetirib, M.Toylunun timsalında onlara yeni yaradıcılıq uğurları diləyib.

Komitə sədri 2023-cü təqvim ilinin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini, habelə Şuşa şəhərinin 2023-cü il üzrə türk dünyasının Mədəniyyət paytaxtı seçildiyini və bu mühüm hadisələrlə bağlı həyata keçirilən, həyata keçirilməsi planlaşdırılan ədəbiyyat-mədəniyyət layihələrindən söz açıb, ortaq layihələrlə bağlı təkliflərini səsləndirib.

M.Toylu ətraflı fikir mübadiləsinə görə Q.Paşayevaya, onun timsalında MM Mədəniyyət Komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı könül dostlarına təşəkkür edərək, Azərbaycana səfərdən məmnunluğunu bildirib.

M.Toylu özünün respublikamıza artıq 10-a yaxın məhsuldar səfər etdiyini məmnuniyyətlə xatırladıb, ədəbi-mədəni əməkdaşlıq sahəsində çox ciddi məsafə qət edildiyinə şahid olmaqdan qürur duyduğunu bildirib.

Q.Paşayeva M.Toyluya xatirə hədiyyəsi bağışlayıb.

Teqlər: