Paşayeva Aqil Abbası təbrik etdi

Paşayeva Aqil Abbası təbrik etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, tanınmış yazıçı-publisist, “Ədalət” qəzetinin təsisçisi, əməkdar jurnalist Aqil Abbası 70 illik yubileyi münasibəti ilə təbrik edib.

AzerTimes xəbər verir ki, Aqil Abbasın ədəbiyyatda, jurnalistikada, o cümlədən özünün təsisçisi olduğu “Ədalət” qəzetində uzunmüddətli, səmərəli xidmətlərini xatırladan Komitə sədri 70 illik yubileyi münasibəti ilə ona Turan motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Təbrik məktubunda yubilyarın yazıçı, jurnalist və millət vəkili olaraq fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib.

Qeyd edək ki, Aqil Abbas “Evləri köndələn yar” (1983), “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qiyamət günü”, “Qar üstündə qan çiçəyi”, “Allahı qatil edənlər”, “Saçın ucun hörməzlər”, “Ən uzun dərdli hekayə”, “Dolu” kimi kitabların müəllifidir.

2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2012-ci ildə “Şöhrət” ordeninə, 2022-ci ildə Qarabağ mövzusunda əsərlərə görə Azərbaycan Yazıçılar Birliyinin İlyas Əfəndiyev mükafatına layiq görülmüsünüz.

Bu gün isə Aqil Abbas Prezidentin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yubilyar təbrik və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.

Teqlər: