“PAŞA Bank ilə başla” layihəsinin yekunlarına dair tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” və ADA
Universitetinin birgə icra etdiyi, əlilliyi olan şəxslərin peşəkar
inkişafına, bilik və bacarıqlarının artırılmasına xidmət edən “PAŞA
Bank ilə başla” layihəsinin yekunlarına dair tədbir keçirilib.

AzerTimes-ın məlumatına görə, tədbirdə əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini Anar Əliyev, Paşa Bankın idarə
heyətinin üzvü Cəlal Orucov, ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə və b. iştirak ediblər.

A.Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin,
onların cəmiyyətə inteqrasiyasına və məşğulluğuna dəstək
verilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm
tərkib hissəsi olduğunu vurğulayıb.

Nazir müavini bu istiqamətlərdə ardıcıl addımlar atıldığını
deyib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında
önəmli rola malik olduğunu vurğulayıb.

Bildirib ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət
layihələrindən biri olan, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və ADA Universiteti ilə birgə icra olunan “PAŞA Bank ilə
başla” layihəsi də əlilliyi olan şəxslərin bilik və bacarıqlarının,
məşğulluq imkanlarının artırılmasına öz töhfəsini verir.

C.Quliyev və F.İsmayılzadə layihənin ölkəmizdə həssas əhali
qrupları, o cümlədən əlilliyi olan şəxslərlə bağlı aparılan dövlət
siyasətinin icrasına dəstək məqsədi daşıdığını vurğulayıblar.

Qeyd olunub ki, layihə üzrə 5 sahə (“SQL proqramlaşdırma”, “Help
desk”, “Çağrı mərkəzi”, “Qrafik dizayn”, “Rəqəmsal marketinq”) üzrə
təlimlər keçirilib. Təlimlərin yekununda bilik səviyyəsinin
yoxlanılması məqsədi ilə keçirilən imtahanlardan 68 nəfər uğurla
keçib. Layihənin yekun mərhələsində 20 iştirakçı isə bir neçə
şirkətdə təcrübə qazanmaq imkanı və iş yeri əldə edib.

Həmçinin “Korporativ DOST” könüllü altproqramı çərçivəsində də
layihə üzrə 7 sessiyadan ibarət təlimlər təşkil olunub. Təlimlərdə
əlilliyin qiymətləndirilməsi strategiyaları və tibbi-sosial
reabilitasiya, DOST Agentliyi tərəfindən əlilliyi olan şəxslərə
göstərilən xidmətlər, əlilliyi olan şəxslərin işə qəbul proseduru,
sosial xidmət sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər
və s. mövzular tədris olunub.

Sonra layihə iştirakçılarına sertifikatlar və təşəkkürnamələr
təqdim edilib. Əlilliyi olan şəxslər layihənin onların peşəkar
inkişafına verdiyi dəstəkdən məmnunluq ifadə ediblər.

Tədbirin sonunda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
musiqi istiqaməti üzrə təlim keçən əlilliyi olan şəxslərin ifasında
konsert proqramı təqdim edilib.

Teqlər: