“PAŞA Bank ilə başla” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib

15 illik fəaliyyəti boyunca ölkə iqtisadiyyatının inkişafına və
cəmiyyətin tərəqqisinə töhfə verən “PAŞA Bank”ın ən mühüm sosial
təşəbbüslərindən biri yekunlaşıb. Belə ki, may ayının 24-də “PAŞA
Bank ilə başla” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Anar Əliyev, “PAŞA Bank”ın idarə heyətinin üzvü Calal
Orucov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər
spikerlər layihənin əlilliyi olan şəxslərə açacağı yeni
imkanlardan, eləcə də səbəb olacağı müsbət dəyişikliklərdən
danışıblar.

Əlilliyi olan şəxslərin peşəkar inkişafına və cəmiyyətə
inteqrasiyasına dəstək vermək məqsədilə keçirilən bu layihədə
300-dən artıq insan qeydiyyatdan keçib, onlardan 104-ü müsahibə
mərhələsini uğurla başa çatdırıb. 83 iştirakçı “Komanda
quruculuğu”, “Vaxtın idarə edilməsi”, “Networking”, “Stressin idarə
edilməsi” kimi təlimlər vasitəsilə iş həyatında lazım ola biləcək
bacarıqlara yiyələnib. 79 nəfər şəxsi seçimləri əsasında “Qrafik
dizayn”, “Rəqəmsal marketinq”, “Help desk”, “SQL proqlaşdırma”,
“Çağrı mərkəzi” istiqamətlərindən biri üzrə peşəkar mütəxəssislər
tərəfindən keçirilən təlimlərə qatılıb.

İmtahanları uğurla bitirən 68 layihə iştirakçısının işlə təmin
edilməsinə dəstək olmaq üçün “PAŞA Bank”, “Kapital Bank”,
“Azercell”, “GDG Professionals” kimi şirkətlərin İnsan Resursları
departamentlərinin direktorları və nümayəndələri ilə görüşlər
keçirilib.

“Artıq layihə iştirakçılarının 20-dən çoxu iş və təcrübə
proqramına qoşulmaq üçün müxtəlif şirkətlərdən təkliflər alıb.
İnanıram ki, iştirakçılarımız layihə ərzində qazandıqları dəyərli
təcrübəni tətbiq edəcək və arzuladıqları peşələrə yiyələnəcəklər.
Bunun üçün böyük potensiala malikdirlər”, – deyə “PAŞA Bank”ın
idarə heyətinin üzvü Calal Orucov vurğulayıb.

Xatırladaq ki, “PAŞA Bank ilə başla” layihəsi 2021-ci ilin iyun
ayından start götürüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
və ADA Universiteti layihənin təşkilati dəstəkçisi qismində çıxış
edib. Layihə ərzində “DOST Agentliyi” ilə əməkdaşlıq çərçivəsində
müxtəlif mövzularda sessiyalar da təşkil olunub.

Teqlər: