Papikyanın İrana səfərinin əsas hədəfi – Ekspert

Papikyanın İrana səfərinin əsas hədəfi – Ekspert

Uzun müddətdir Ermənistan həm İranla, həm də Qərblə yaxın əməkdaşlığa üstünlük verir. Qarşılıqlı olaraq hər iki tərəflə bütün münasibətləri sıxlaşdırır. Hətta Ermənistan və İran arasında hərbi müttəfiqliyə qədər inkişaf eləmiş əlaqələr var.

Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev İrəvanda İran əleyhinə başlayan təbliğatın səbəbləri haqqında danışarkən deyib.

İran-Ermənistan əlaqələrinə diqqət çəkən politoloq bildirib ki, İrəvanda Tehran əleyhinə müzakirələrin başlayacağı, əslində, gözlənilən idi:

“İran rəsmiləri açıq şəkildə deyirdilər ki, Ermənistan ordusunu silahla təchiz edə, hətta hərbi təlimlər verə bilərlər. Bu kimi sözləri yüksək çinli iranlı məmurlardan, hakimiyyətə yaxın mənbələrdən, SEPAH-a yaxın adamlardan da eşitmişik. Açıq şəkildə vurğulayırdılar ki, İran Ermənistanın yanındadır. Bu isə Qərbdə çox böyük qısqanclıq yaradırdı. Çünki Qərb İrana qarşı sanksiyalar qoyub, ABŞ, Böyük Britaniya İran-Ermənistan yaxınlaşmasını arzulamırlar. Avropa Birliyi də burda bir az məsafəli davranır. Digər tərəfdən İranın özü də Ermənistanın Qərblə yaxınlaşmasının əleyhinədir. ABŞ və Ermənistan hərbçilərinin birgə təlim keçməsindən sonra İran rəhbərliyinin Ermənistana münasibətində ciddi bir fərqlilik yarandı. Hətta İran-Azərbaycan münasibətlərində baş verən soyuqluq istiləşməyə başladı. Bu məqamda artıq Ermənistan tərəfi İranla Qərb arasında seçim etməlidir. Paşinyan hakimiyyəti yaxşı anlayır ki, Qərbə inteqrasiya edirsə, Rusiya ilə yanaşı İrandan da uzaqlaşmalıdır. İran əleyhinə təbliğatın başlaması da bir növ bununla bağlıdır”.

Politoloq bildirib ki, İranın Zəngəzur məsələsində xüsusi həssaslığı da münasibətlərin dəyişməsində xüsusi rol oynayıb:

“İranın Zəngəzurla bağlı qəti mövqe ortaya qoyması Ermənistanın xeyrinədir. Bu, Ermənistana çox vacib bir dəstəkdir. Azərbaycanın, Türkiyənin və Rusiyanın Zəngəzurun açılması mövqeyinə qarşı müqavimət göstərə bilməyən Ermənistan İranla birlikdə daha rahatdır. Amma İranın bu məsələdə aktiv şəkildə iştirak etməsi, gələcəkdə bu dəhlizin açılmasına qarşı mövqe ortaya qoyması, öz hərbi biliklərini İrəvana təklif etməsi Ermənistan hakimiyyətini artıq narahat edir. Elə bir məqam gələ bilər ki, Paşinyan öz sərhədçilərinin nəzarəti altında Zəngəzur dəhlizinin və digər yolların açılmasına icazə verə bilər. Belə olan halda İranın burdakı müqaviməti, kəsişən mövqeyi İrəvanla üst-üstə düşməyə bilər. Odur ki, İrana qarşı İrəvanda vaxtaşırı neqativ tonun yaranması, antitəbliğatın aparılması tamamilə normaldır”.

İrəvanın Tehranla münasibətlərini tamamilə kəsilməyəcəyini deyən politoloq bildirib ki, Ermənistan müdafiə nazirinin İrana səfəri də bu əlaqələri öz axarında saxlamaq cəhdidir:

“Ermənistanın daxilində belə bir fikir formalaşıb ki, ölkə Qərbə inteqrasiya edir, İranla münasibətə müəyyən məsafə qoymalı, müttəfiqlərini qıcıqlandırmayan addımlar atmalıdır. Bu isə İranla münasibətlərin sıfırlanması deməkdir. Necə ki, Rusiya ilə gərginlik fonunda Ermənistan iqtisadiyyatı artır, milyardlarla dollar pul köçürmələri var. Ermənistan bunlardan imtina edə bilməz. Hazırda Türkiyə, Azərbaycan və Gürcüstanla olan münasibətləri nəzərə alsaq, Ermənistan üçün yeganə açıq sərhəd İrandır və blokadadan çıxış nöqtəsidir. Odur ki, İranla münasibətləri birbaşa gərginləşdirməyəcək. Hətta İrandan uzaqlaşmaq qərarı verilsə belə, Tehrandan cavab zərbəsi olmasın deyə, diplomatik gedişlər edərək, İranla gərginliyin qarşısını almağa çalışacaq. Qonşuları ilə münasibətlərinin yaxşı olmadığı bir məqamda İranla münasibətlərə son qoymaqla əlavə təziqlərə məruz qalmaq istəməz. İrəvan İranla ikili oyun oynayır. Hətta İranın Türkiyə və Azərbaycana olan münasibətindən istifadə etməyə çalışacaq. Papikyanın səfəri çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq və ya müqavilələrin bağlanması gözlənilmir. Çünki Paşinyan hakimiyyəti İranla arasında məsafə qoymağa niyyətlidir”.

Teqlər: