Bir qrup çinli siyasi ekspertin fikrincə, Krım körpüsünün partladılması “Pandora qutusu”nun açılmasına şərait yaradıb. Onlar düşünürlər ki, “Şimal axını” boru xəttinin, o cümlədən Krım körpüsünün partladılması terror aktı olmaqla yanaşı, hərbi etikaya uyğun deyil və bu münaqişənin genişlənməsinə şərait yaradacaq.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O, Çin politoloqlarının mövqeyinin yanlış olduğunu bildirib:
“Belə çıxır ki, çinli ekspertlərin məntiqinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, öldürdüyü mülki insanlar, qəsəbələrdə törətdiyi qətliamlar terror deyilmiş və hərbi etikaya uyğun imiş, ancaq Ukraynanın ərazisini azad etmək məqsədilə əks-həmlələri terror aktıdır və hərbi etikaya uyğun deyilmiş. Bunu iddia edən çinli ekspertlər gərək onda İkinci Dünya müharibəsi zamanı alman faşistlərinə qarşı savaşan partizanları da terrorçu elan edələr, çünki onlar da dəmir yollarını partladır və faşistlərə qarşı diversiyalar həyata keçirirdilər. Elə hazırda hakimiyyətdə olan Çin Kommunist Partiyasının fəalları da vaxtilə Yaponiyanın işğalına qarşı bütün mümkün üsullarla mübarizə aparırdılar, onda gərək çinli ekspertlər öz tarixlərindən də imtina edələr”.