Xəbər - Elçin Mehdiyev – Trend:
Son 3 ildə koronavirus pandemiyası dünya iqtisadiyyatına ciddi
mənfi təsirlər göstərib, bir çox dünya ölkələri xeyli iqtisadi
geriləməyə məruz qalıb. Pandemiya Azərbaycana da təsirsiz
ötüşməyib, lakin dövlətin vaxtında gördüyü ardıcıl və sistemli
tədbirlər sayəsində Azərbaycan pandemiyanın mənfi təsirlərini
minimuma endirməyə və iqtisadi artıma nail olmağı bacarıb və ötən
ili iqtisadi artımla başa vurub.
Milli Məclisin deputatı Sevinc Hüseynova
AzerTimes-a açıqlamasında
bildirib ki, Azərbaycanda dayanıqlı iqtisadiyyat mövcuddur ki, bu
da həm post-konflikt, həm də post-pandemiya dövründə iqtisadi
artıma nail olmağa imkan verir.
“Ötən gün cənab Prezident İlham Əliyevin iştirakı ilə 330
kilovoltluq “Qobu” elektrik yarımstansiyası və 385 meqavatlıq
elektrik stansiyasının istifadəyə verilməsi bir daha Azərbaycan
iqtisadiyyatının gücünü göstərir və bir daha sübut edir ki,
Azərbaycanda heç bir layihə yarımçıq qalmır.
Ötən il Azərbaycan iqtisadiyyatında artım templəri müşahidə
edildi. İqtisadiyyatımız 5 faiz, qeyri-neft sektorunda sənaye
istehsalı isə təxminən 20 faiz artıb. Eyni zamanda Azərbaycanın
demoqrafik göstəriciləri də yüksəkdir”, – deyə deputat əlavə
edib.
S.Hüseynova vurğulayıb ki, Azərbaycan elektrik enerjisi
sahəsində də böyük nailiyyətlər əldə edib.
“Dünən Qobuda açılan nəhəng elektrik stansiyası böyük əhəmiyyətə
malikdir. bu cür mühüm layihənin yerinə yetirilməsi həm də bir daha
onu göstərir ki, Azərbaycanda enerji sahəsində çox düzgün siyasət
həyata keçirilir. Postkonflik və postpandemiya dönəmində belə bir
nəhəng layihənin tamamlanması Azərbaycan iqtisadiyyatının gücünü
göstərir”, – deyə deputat bildirib.
O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycanda
elektrik enerjisi sahəsində ciddi çətinliklər mövcud idi.
“Azərbaycan elektrik enerjisinə olan daxili tələbatı ödəyə
bilmirdi. Ulu öndər Heydər Əliyev o zaman bu istiqamətdə çox ciddi
işlər gördü və ölkəmizdə elektrik enerjisinə təlbatın təmin
edilməsi istiqamətində əməli tədbirlər həyata keçirildi. Bu gün
Davos İqtisadi Forumunun reytinqində Azərbaycan enerji
əlçatanlığına görə ilk sıralardadır. Bu gün Azərbaycan artıq
elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.
Qobuda açılan nəhəng elektrik stansiyası Azərbaycanın elektrik
enerjisi ixrac etmək potensialının artmasına imkan verəcək. bu
stansiyanın açılışı eyni zamanda onu göstərir ki, Azərbaycan bu
sahəyə də böyük yatırımlar edir ki, bu da uzaqgönrən bir
siyasətdir. Çünki bu gün Azərbaycandan elektrik enerji ixracatına
tələb artır”, – deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Cavid Osmanov isə
AzerTimes-a açıqlamasında
qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına 5 faizdən çox
artımın qeydə alınması çox sevindirici haldır.
“Üç ildir dünyada davam edən koronavirus pandemiyası dünya
ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib.
Azərbaycan 2020-ci ildə 44 gün Vətən müharibəsindən çıxmış bir
ölkə olaraq 2021-ci ildə iqtisadi artıma nail olub. Keçən il
iqtisadiyyatımız 5 faizdən çox, qeyri-neft sektorunda sənaye
istehsalı isə təxminən 20 faiz artıb. Əlbəttə bu çox sevindirici
haldır və cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi 2022-ci il
yanvar ayının rəqəmləri də çox müsbətdir çünki adətən yanvar ayında
iqtisadi rəqəmlər bir o qədər yüksək olmur. Bu o deməkdir ki, məhz
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düşünülmüş
iqtisadi siyasət yürüdür və bunun nəticəsidir ki, dünya
iqtisadiyyatında çətin dönəm olduğu halda Azərbaycan
iqtisadiyyatında artım müşahidə edilib”, – deyə deputat
bildirib.
O qeyd edib ki, elektrik enerjisi sahəsində də Azərbaycan
uğurlara nail olub. “Müstəqillik qazandıqdan sontra elektrik
enerjisi sahəsində xarici ölkələrdən asılılığımız var idisə, indi
isə tam əksinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə
aparılmış məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq bir sıra
ölkələrə elektrik enerjisi ixrac edir və bu da öz növbəsində
ölkəmizə əlavə valyutanın gəlməsini təmin edir.
Bununla yanaşı, Prezidentin tapşırığı ilə ölkəmizdə bərpaolunan
enerji mənbələri qurulur və bu da gələcəyə hesablanmış uğurlu
addımlardır. Bu addımlar ölkəmizin enerji infrastrukturunu
müasirləşdirir və daha çox elektrik enerjisi ixrac etmək
qabiliyyətimizi artırır”, – deyə deputat əlavə edib.