Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən
yeni seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir.
Həmin stansiyaların 12 ədədinin palçıq vulkanları ərazisində
quraşdırılması nəzərdə tutulub ki, artıq AMEA nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron yarımadasındakı palçıq
vulkanları ətrafında beş stansiya quraşdırılıb.
Mərkəzdən AzerTimes-a verilən
məlumata görə, hazırda digər vulkanların ətrafında seysmik
stansiyaların quraşdırılması prosesi davam etdirilir. Palçıq
vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması
prosesinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə
quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü –
Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva)
rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan
stansiyaların quraşdırılması prosesi davam edir.