Pakistanın nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub (FOTO)

Martın 2-də Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral
Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam
Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi
kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət
edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan
soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral S.Bəkirov
qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi
sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində
qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi
vurğulayıb.
Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan
münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı
əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Pakistan nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti
haqqında brifinq təqdim edilib.
Sonra qonaqlar hərbi gəmilərə baxış keçirib, onların
taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıb. Həmçinin gəmi
heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər
qurğular barədə ətraflı məlumat verilib.

Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və
digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir
mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə
olunub.
Sonda xatirə şəkili çəkdirilib.

Teqlər: