Pakistan Senatının deputatları ADU-nun qonağı olub (FOTO)

Martın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Pakistan
Senatının üzvləri ilə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb,
onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor
Pakistanın dövlət bayramı münasibətilə qonaqları təbrik edib və
bildirib ki, martın 17-də bayram günü ilə bağlı Bakıda dövlət
səviyyəsində əlamətdar tədbir keçirilib.

Rektor diqqətə çatdırıb ki, Azərbaycan və Pakistan arasında
tarixən isti münasibətlər olub. Ulu öndər Heydər Əliyev də
Pakistanla münasibətlərə xüsusi önəm verirdi. Bu gün bu siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qarşılıqlı elmi əlaqələrin önəmindən danışan Kamal Abdulla
gələcəkdə görüləcək işlərin davamlı və uğurlu olacağına inandığını
söyləyib: “Hər iki ölkədə fəaliyyət göstərəcək elmi mərkəzlər həm
azərbaycanlı, həm də pakistanlı gənclər arasında möhkəm bir körpüyə
çevriləcək. Sizlərin də köməkliyi ilə biz pakistanlı gəncləri burda
qəbul edəcəyik, həmçinin azərbaycanlı gənclər də Pakistanda
qarşılanacaqdır.”

Qeyd olunub ki, ölkələr arasında elmi-mədəni mübadilə bundan
sonra da ən yüksək səviyyədə davam etdiriləcək. 44 gün davam edən
Zəfər savaşında Pakistan dövlətinin dəstəyindən danışan rektor bu
tarixi addımı heç vaxt unutmayacağımızı söyləyib.

Pakistan Senatının üzvü Sadaqat Ali Abbasi Azərbaycan Dillər
Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Azərbaycan və Pakistan arasında elmi, mədəni, iqtisadi əlaqələr son
illər çox sürətlə artmaqdadır: “Bizim gəlişimizin məqsədi ondan
ibarətdir ki, ürəyimizdə olan Azərbaycan sevgisinin, dostluğunun
təzahürü görünsün. Məqsədimiz öz təcrübələrimizi Azərbaycanla
bölüşmək, eyni zamanda Azərbaycanın təcrübələrindən istifadə
etməkdir.”

Qonaq qarşılıqlı əlaqələrin möhkəmlənməsi istiqamətində
təkliflərlə çıxış edib: “Təklif edirəm, belə bir platforma
yaradılsın ki, hər iki ölkənin akademik heyəti bir yerdə toplanıb
fikir mübadiləsi etsinlər və yeni inkişaf perspektivləri haqqında
müzakirə aparsınlar. Bu həm əlaqələrimizin inkişafında, həm elmi
nailiyyətlərin əldə olunması istiqamətində vacib addımlardan biri
hesab oluna bilər”.

Tədbirin sonunda qonaqlar ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin
fəaliyyəti ilə yaxından tanış olub, urdu dilini öyrənən tələbələrlə
fikir mübadiləsi aparıblar.

Teqlər: