Pakistan da “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünə dəstək verdi (FOTO)

Bu gün Pakistanın İslamabad şəhərində İƏT Gənclər Forumu
Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşkilatçılığı və
Azərbaycanın Pakistandakı səfirliyi, eləcə də Dayanıqlı İnkişaf
üzrə Qlobal Strateji İnstitutunun tərəfdaşlığı ilə Xocalı
faciəsinin 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər
keçirilib.

İlk olaraq İslamabad şəhərinin mərkəzində yerləşən meydanların
birində qrafik üsulla divarlara çəkilmiş Xocalı faciəsini özündə
əks etdirən rəsm və foto sərgisi baş tutub.

Daha sonra, Qızlar üçün Dövlət Politexnik Universitetinin
binasında Xocalı faciəsinin 30 illiyi ilə bağlı geniş tədbir
keçirilib. Quran ayələri və Azərbaycan və Pakistanın milli
himnlərinin səsləndirilməsi ilə başlanan seminarda Pakistanın
Tədqiqat, İnkişaf və Planlaşdırma Komitəsinin sədri Şakil Əhməd,
Qızlar üçün Dövlət Politexnik Universitetinin direktoru Şabana
Arif, Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər
Fərhadov, Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutun icraçı
direktoru Qayser Navab çıxış ediblər.

Çıxışlarda Xocalı faciəsi insanlığa qarşı cinayət kimi
dəyərləndirilib, Ermənistan hökumətinin Xocalı faciəsini tanıması
ilə bağlı Srebrenisa Anım Muzeyi Kompleksinin direktor müavini Amra
Beqiç tərəfindən irəliyə sürülən və İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumu Avrasiya Regional Mərkəzinin beynəlxalq kampaniyaya
çevirdiyi “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsündən,
pakistanlıların bu təşəbbüsə qoşulmasının vacibliyindən, eləcə də
Azərbaycanın qələbəsi ilə bitən 44 günlük müharibədən sonra
regionda sülhün bərqərar olunması üçün şəraitin yaranmasından bəhs
edilib. Tədbir iştirakçıları onlayn “Xocalı:Barışıq üçün etiraf et”
kampaniyasına da qoşulublar.

Növbəti tədbir olaraq pakistanlı gənc fəallar tərəfindən Xocalı
faciəsi qurbanlarının xatirəsi üçün parkların birində ağacəkmə
aksiyası keçirilib.

Teqlər: