Pakistan Azərbaycanda ən sevilən dövlətlərdən biridir – Politoloq

Xəbər - Çingiz Səfərli – Trend:

Pakistan Azərbaycanda ən çox sevilən dövlətlərdən biridir, qardaş ölkədir.

Bunu AzerTimes-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan-Pakistan əlaqələri də məhz bu sevgiyə, həmçinin ortaq mənəvi dəyərlərimizə və şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin qardaş ölkənin liderləri ilə birgə möhkəm təməllər üzərində qurduqları dostluq, qardaşlıq münasibətlərinə söykənir.

“Xalqlarımız, dövlətlərimiz arasındakı yüksək etimad və hörmət qarşılıqlıdır və şübhə etmirəm ki, əgər Azərbaycanda “hansı dövlətləri və xalqları özünüzə dost, qardaş hesab edirsini” sualı ilə sorğu keçirilərsə, Türkiyə ilə Pakistanın adları yanaşı çəkiləcək və belə bir sorğu Pakistanda da keçirilərsə, qardaş ölkənin vətəndaşları da tərəddüd etmədən “Azərbaycan və Türkiyə” deyəcəklər. Qeyd edim ki, XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin həmin dövrdə Böyük Briyaniyanın müstəmləkəsi olan Pakistana epidemiyamın qarşısının alınması üçün 300 min ampul peyvənd göndərməsi Pakistan xalqı tərəfindən bu gün də unudulmayıb və daim xatırlanır.

Politoloq əlavə edib ki, pakistanlılar da biz azərbaycanlılar kimi yaxşılığı heç zaman unutmurlar:

“Bu baxımdan, bizi birləşdirən mühüm keyfiyyətlərdən biri də dosta sədaqət və minnətdarlıq hissidir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafında Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu tərəfindən qardaş ölkədə həyata keçirilən humanitar layihələr tarixi xeyriyyəçilik ənənələrimizin uğurla davam etdirilməsi ilə yanaşı, Azərbaycanın qardaş ölkədə daha da yaxından tanınmasına zəmin yaratmışdır. 44 günlük Vətən Müharibəsində Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstək, Pakistan dövlətinin və xalqının hər zaman yanımızda olması qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq və daim xatırlanacaqdır”.

Qeyd edək ki, bu gün Pakistanın müstəqillik günüdür. Bu münasibətlə Azərbaycanın Xarici İşlər Nazirliyi də rəsmi tvitter hesabında təbrik edib.

Teqlər: