Özünüməşğulluq proqramının əhatə dairəsi 14 dəfəyə yaxın genişləndirilib

Xəbər - Çingiz Səfərli – Trend:

Özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə müqayisədə 2021-ci ildə proqramın əhatə dairəsi 13,6 dəfə genişləndirilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Məlumata görə, bu ilin sonuna qədər proqrama 16 min şəxsin cəlb edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən və vətəndaşlar arasında rəğbət qazanmış bir aktiv məşğulluq tədbiri özünüməşğulluq proqramıdır. Cari ilin ötən dövrü ərzində proqrama 13 061 nəfər cəlb edilib və həmin şəxslərdən 7000-dən çoxuna öz biznes sahələrini qurmaq üçün aktivlər təqdim edilib.

Proqram çərçivəsində 41 iqtisadi fəaliyyət növü üzrə təsərrüfatlar yaradılır. Məs: Un məmulatlarının istehsalı, kiçik dərzi sexi, arıçılıq təsərrüfatı, avtomobil təmiri, gözəllik salonu, foto, kiçik dülgər sexi və s.

Ətraflı məlumat üçün: https://dma.gov.az/fealiyyet/fealiyyet/fealiyyet-istiqametleri/ozunumesgulluq

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

Twitter: @cingizsafarli

Teqlər: