AZƏRTAC və Özbəkistanın Milli İnformasiya Agentliyi – UzA
əməkdaşlığı genişləndirməklə bağlı razılığa gəliblər.
İkitərəfli əlaqələrin gücləndirilməsi barədə məsələlər
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla UzA-nın baş
direktorunun birinci müavini Sobir Şükürovun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.
Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dərin tarixi
köklərə malik olduğunu qeyd edən İdarə Heyətinin sədri deyib:
“Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsində də Azərbaycanın
yanında oldu. Ölkələrimiz və xalqlarımız bir-birini hər zaman
dəstəkləyib və əminəm ki, bu münasibətlər daha da güclənəcək.
AZƏRTAC və UzA arasında əməkdaşlığın da buna adekvat olaraq
genişləndirilməsi vacib və vaxtı çatmış məsələdir”.
UzA xəbər agentliyinin baş direktorunun birinci müavini Sobir
Şükürov bu görüşün ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı əsas
olacağına əminliyini ifadə edib. “Hər iki agentliyin 100-dən artıq
yaşı var. Bu, həm də əlaqələrimizin dərin tarixi köklərə
söykəndiyini göstərir. Biz AZƏRTAC ilə xəbər mübadiləsini, texniki,
kadr və digər sahələrdə qarşılıqlı təmasları artırmaq istəyirik”, –
deyə o bildirib.
AZƏRTAC-ın beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə
qonaqlara məlumat verilib. Qeyd olunub ki, AZƏRTAC hazırda Reuters,
Press Association (Böyük Britaniya), France Press (Fransa), TASS
(Rusiya), EFE (İspaniya) agentliklərinin də daxil olduğu 13 media
qurumundan ibarət olan Dünya Xəbər Agentlikləri Şurasının üzvü,
OANA-nın vitse-prezidentidir, İslam Əməkdaşlıq Təşkilatı
ölkələrinin Milli Xəbər Agentlikləri Təşkilatının Şurasında təmsil
olunur.
Danışıqlar əsnasında AZƏRTAC ilə UzA arasında beynəlxalq
informasiya təşkilatları səviyyəsində qarşılıqlı dəstək, əməkdaşlıq
müqaviləsinin imzalanması və birgə layihələrin həyata keçirilməsi
məsələləri müzakirə olunub.
Özbəkistanlı qonaqlar, həmçinin AZƏRTAC-ın yeni binasını gəzib,
burada yaradılan müasir iş şəraiti ilə maraqlanıblar.
Görüşdə UzA agentliyinin baş redaktoru Qayrat Xonnazarov,
Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi
Kommunikasiyalar Katibliyinin aparıcı mütəxəssisi Şahobiddin
Musayev və Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşı
Bəxraim Qaipov iştirak ediblər.