Ötən il sərxoş vəziyyətdə avtomobil idarə edən qadınların sayı məlum olub

Xəbər - Fərid Zöhrabov – Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qadın sürücülərə
xəbərdarlıq edib.

“Yol hərəkəti günü-gündən artan iştirakçıları ilə mürəkkəb
ictimai münasibətlər sisteminə malik bir prosesdir və bu prosesdə
qadın sürücülərin sayı ilbəil artmaqdadır. Belə ki, 2020-ci illə
müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67
faiz artıb. Onu da qeyd etməliyik ki, nəzəri imtahanlar zamanı yol
hərəkəti qaydaları ilə bağlı suallara daha tez və düzgün cavab
verən, həmçinin təcrübi imtahanlarda yüksək nəticələr göstərən
qadın sürücülərimiz də az deyil.

Əslində, qanunvericilikdə nəqliyyat vasitələri sürücülərinin
cins fərqi, bu fərqin yaratdığı hüquq və ya vəzifələr, eləcə də
məsuliyyətlə bağlı hər hansı norma nəzərdə tutulmayıb. Sadəcə,
digər sahələrdə olduğu kimi, yol hərəkəti prosesində də qadın
sürücülərə bəzi məqamlarda müəyyən güzəştlər edilməsi və ya onlara
hansısa üstünlük verilməsi milli dəyərlərimizdən qaynaqlanır.
Toxunduğumuz bu mövzuda məqsədimiz heç də qadın sürücülərə
münasibətdə formalaşmış mövcud yanaşmanı müzakirə etmək deyil.

Təəssüf ki, aparılan təhlillər qadın sürücülər arasında qayda
pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir. Elə özümüz də
yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub
güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını
düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol
zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa
qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq.


Statistik rəqəmlər də deyilənləri təsdiq edir. Məsələn, 2021-ci
il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi
texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84 381 qadın
sürücü barəsində elektron qərar çıxarılıb. Bundan başqa,
təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə
görə 5 494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1 363,
işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən
hərəkətin davam etdirilməsinə görə 1 257, ara məsafəsi qaydalarının
pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks
istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat
axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat
vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə
etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə
edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh
tədbirləri tətbiq edilib.

Təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş
ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin
qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. Ölümlə
nəticələnən qəzalardan cəmi biri sürücülük təcrübəsi 10 ildən
yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər
hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin
təqsiri səbəbindən baş verib. Hər bir ailənin doğma üzvü,
cəmiyyətin təkanverici qüvvəsi olan neçə-neçə qadının məsuliyyətə
cəlb olunaraq ailəsindən, doğmalarından ayrı, bəzən hətta azyaşlı
övladları ilə birlikdə məhkumluq həyatı yaşamasını təsəvvür etmək
belə olduqca ağrılıdır”.

Teqlər: