2022-ci il yanvarın 1-i tarixinə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasına (AHİK) üzv olan 27 təşkilatda 15039
həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501
şəhər-rayon komitələri fəaliyyət göstərir.
COVID-19 pandemiyası ilə bağlı cərəyan edən proseslər qaçılmaz
çətinliklər yaradaraq həmkarlar ittifaqlarının fəaliyyətinə mənfi
təsir göstərsə də, bir sıra sahələrdə müsbət dəyişikliklər də baş
verib. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə həmkarlar
ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1% artmaqla
həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 0,9 % çoxalmasına səbəb
olub.
Üzvlərinin sayı 15 nəfərə qədər olan təşkilatların sayında 0,4 %
artım müşahidə olunub. Respublikada kiçik və orta sahibkarlıq,
xarici və birgə müəssisələrdə ötən il həmkarlar ittifaqı üzvlərinin
sayı 2,6 % artıb.
2021-ci il ərzində qeyri-dövlət sektoruna aid 7 sahə üzrə 56
yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar
ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan
təşkilatların sayının 2020-ci illə müqayisədə 4, üzvlərinin sayında
isə 7 dəfə artım deməkdir.
Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107
həmkarlar ittifaqı təşkilatına 13808 nəfər üzv olub, nəticədə orada
üzvlüyə cəlb olunanların sayı 2020-ci ilə nisbətən 2,5 dəfə
artıb.
Həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artaraq
üzvlərin ümumi sayının 52,3%-ni təşkil edib. Gənclərin sayında isə
0,5 % artım olub.
Ötən il işəgötürənlərlə 123 saziş, 11806 kollektiv müqavilə
bağlanılıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının
sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan
üzvlərin sayı isə 4,1% artıb.
Sahə həmkarlar ittifaqlarının 2021-ci il üzrə tərtib etdiyi
statistik hesabatların yekunlarına əsasən, qeyd etmək lazımdır ki,
həmkarlar ittifaqı üzvlüyünün motivasiyasının gücləndirilməsi, yeni
təşkilatların, xüsusilə də özəl sektorda yaradılması,
maarifləndirilməsi, müasir tələblərə uyğunlaşdırılması, işçilərin
hüquqlarının qorunması, onların müraciətlərinə diqqətin artırılması
barədə AHİK-in tövsiyələrinin yerinə yetirilməsi istiqamətində
müsbət addımlar atılıb.