Ötən il Pedaqoji Universitet alimlərinin 65 elmi nəticəsi tədris prosesində tətbiq olunub (FOTO)

Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin 2021-ci
ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan iclasdan
öncə ADPU-nun fakültə və filialları, Pedaqoji Kollec, həmçinin
müvafiq elmi-təşkilati strukturların fəaliyyətini əks etdirən elmi
əsərlərdən ibarət sərgi təşkil edilib. Böyük marağa səbəb olan
sərgidə Pedaqoji Universitetin dövri-elmi jurnalları, 100 illik
yubiley nəşrləri, habelə hər bir strukturun ərsəyə gətirdiyi elmi
əsərlər, kitab, dərslik, monoqrafiya və məqalələr nümayiş
olunub.

İclasın başlanğıcında ənənəyə uyğun olaraq universitetin
əməkdaşları Mələk Məmmədova və İradə Kərimovaya dosent attestatları
təqdim edilib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov giriş sözü ilə çıxış
edərək qeyd etmişdir ki, bu gün görkəmli aftolmoloq alim Zərifə
Əliyevanın doğum günüdür. Elmi-pedaqoji ictimaiyyət olaraq böyük
alimin xatirəsini ehtiramla yad edirik.

Rektor bildirib ki, ötən il universitet üçün xeyli əlamətdar
keçib. Elmi-innovativ inkişaf, beynəlxalq əməkdaşlıq,
infrastrukturun və təhsil keyfiyyətinin yaxşılaşdırılması
istiqamətində xeyli irəliləyişlər əldə edilib.

Daha sonra elm və innovasiyalar üzrə prorektor professor Asəf
Zamanov ADPU-nun 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti
barədə geniş hesabatla məruzə edib. Prof. A.Zamanov bildirib ki,
elm-təhsil-innovasiya üçbucağının eyni bir müstəviyə gətirilməsi və
balanslı şəkildə inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan 2030:
gələcəyə baxış” İnkişaf konsepsiyasında və“Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda
nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə son
illər ADPU-da bir sıra işlər görülür və 2021-ci ildə belə işlər
daha geniş vüsət almışdır.

Prorektor vurğulayıb ki, Universitetdə 2021-ci ildə 742 nəfər
əməkdaş elmi-tədqiqat işlərinə cəlb edilmiş, 54 istiqamətdə, 83
problem, 425 mövzu üzrə tədqiqat aparılmış, 65 iş tədris prosesində
tətbiq olunmuşdur. Aparılmış elmi-tədqiqat işlərinin nəticələri
əsasında 33 monoqrafiya, 20 dərslik, 70 dərs vəsaiti, 197 proqram
və metodik vəsait, 686 məqalə (32-si impakt faktor göstəricili
jurnalda) və s. çap olunmuş, habelə əməkdaşların elmi əsərləri
müabiqələrə təqdim olunmuşdur. ADPU-nun 7 dövri-elmi jurnalı yüksək
elmi və poliqrafik səviyyədə müntəzəm olaraq nəşr olunmuşdur.

Prof. A.Zamanov diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində
bütün elmi strukturlarda gəncləşdirmə işləri aparılır və ADPU-nun
Gənc Alimlər və Tədqiqatçılar Şurası vasitəsilə gənc
tədqiqatçıların fəaliyyəti əlaqələndirilir. Tədqiqatları
stimullaşdırmaq məqsədi ilə müsabiqələr keçirilir. Həmçinin,
ADPU-da 2021-ci ildə 3 beynəlxalq, 10 Respublika və onlarla
universitet səviyyəli elmi konfranslar keçirilmişdir.

Şura hesabatı müsbət qiymətləndirib və iclas cari məsələlərin
müzakirəsi ilə davam etdirilib.

Teqlər: