Ötən il Azərbaycanda vergi daxilolmaları proqnozu 117,6 faiz üstələyib – Dövlət Vergi Xidməti

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ildə Azərbaycanda vergi daxilolmaları proqnozu 117,6
faiz üstələyib və 2020-ci illə müqayisədə 15,5 faiz artıb.

Trend-in məlumatına görə, bunu Dövlət Vergi
Xidmətinin rəisi Orxan Nəzərli “İnklüziv və davamlı inkişaf üçün
vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə
doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

Onun sözlərinə görə, ötən il qeyri-neft sektoru üzrə vergi
daxilolmaları isə 6,4 milyard manat təşkil edərək proqnozları 112,1
faiz, 2020-ci ilin göstəricilərini isə 13,4 faiz üstələyib.

“2021-ci ildə əlavə dəyər vergisindən dövlət büdcəsinə
daxilolmalar 17 faiz, aksizlərdən 25 faiz, mənfəət vergisindən 16,3
faiz, ictimai iaşə obyektlərinin fəaliyyətindən 84,1 faiz,
pərakəndə satışdan 53,7 faiz, qeyri-neft sənayesindən daxilolmalar
29,1 faiz artıb”, – deyə o bildirib.

O əlavə edib ki, 2021-ci ildə Azərbaycanda sahibkarlıq fəallığı
8 faiz artıb.

“Ötən il hüquqi şəxslərin sayı 100 mini ötüb. Qeyri-neft
sektorunda əmək müqavilərinin sayı 43,2 faiz, özəl sektorda 45,9
faiz artıb”, – O.Nəzərli deyib.

Xidmət rəisi qeyd edib ki, bugünkü gün ölkədə sahibkarlar 52 min
yeni kassa aparatı istifadə edir. Bu kassa aparatları ilə dövriyyə
2020-ci illə müqayisədə 1,8 dəfə artaraq 15,6 milyard manat təşkil
edib.

O bildirib ki, ötən il 138,5 milyon manat məbləğində ƏDV geri
qaytarılıb, 2020-ci ildə isə bu rəqəm 33,4 milyon manat olub.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: