Ötən ay özəlləşdirmə və icarədən büdcəyə 7,3 milyon manat vəsait daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi
sahəsində işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, cari ilin
yanvar ayı ərzində 5 hərrac keçirilib. Hərraclarda 9 səhmdar
cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 59 nəqliyyat
vasitəsi özəlləşdirilib.

Ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 47
elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə
“Elektron hərrac” proqram təminatı vasitəsilə 16 onlayn qoşulma
reallaşıb. Yanvar ayı ərzində hərrac vasitəsilə 7 faydalı qazıntı
yatağı istismara verilib.

Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri
də investisiya müsabiqəsidir. Ötən ay ərzində 1 müəssisənin
(“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı
üzrə investisiya müsabiqəsi reallaşıb.

Cari ilin ilk ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə
daxilolmalar 4,54 milyon manat təşkil edib. Bu isə 2021-ci ilin
eyni dövrünün göstəricisindən 9,5 faiz çoxdur.

Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən
yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış
nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının
genişləndirilməsinə nail olunub və bağlanılmış icarə
müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ötən ay
ərzində ümumilikdə 147 yeni icarə müqaviləsi bağlanılıb. Bundan
56-sı qeyri-yaşayış sahəsi üzrə, 91-i isə torpaq sahələrinə
aiddir.

Bununla yanaşı cari ilin ilk ayında 34 icarə müqaviləsinin
müddəti uzadılıb, 27 icarə müqaviləsi ləğv edilib. 2021-ci ilin
yanvar ayı ilə müqayisədə 115 və ya 4,6 dəfə çox icarə
müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin)
icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 2,76 milyon
manatdan çox vəsait ödənilib. Bu isə 2021-ci ilin eyni dövrü ilə
müqayisədə 1,4 milyon manata yaxın artım deməkdir.

Teqlər: