Azərbaycan-Avropa İttifaqı əlaqələri sürətlə inkişaf edir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın
21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bir
çox vacib məsələlər ətrafında geniş müzakirə aparıldı.

Milli Məclisin deputatı Sevinc Hüseynova
AzerTimes-ın sualına
cavab olaraq bildirib ki, bu il Azərbaycan Respublikası bir çox
Avropa ölkələri ilə diplomatik münasibətlər qurmasının 30 illiyini
qeyd edir.

“Bu gün Azərbaycan Avropa İttifaqı ilə çox səmərəli əməkdaşlıq
edir. Azərbaycan Avropa İttifaqına daxil olan 10-dan artıq ölkə ilə
strateji tərəfdaşdır. Bu illər ərzində iki ölkə arasında çoxlu
sayda yüksək səviyyəli səfərlər həyata keçirilib ki, bu da
əlaqələrimizin inkişafına mühüm töhfə verir. Bu səfərlər içərisində
2021-ci il dekabrın 13-də Prezident İlham Əliyevin Avropa
İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak
etmək üçün Brüsselə səfərini xüsusi qeyd etmək olar”, – deyə
deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təhmin edilməsində mühüm rol oynayır.

“2022-ci il fevralın 4-də Bakıda “Gülüstan” sarayında Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının
keçirilməsi, o cümlədən Azərbaycanın bu mühüm enerji layihəsinin
həyata keçirilməsində liderliyi ölkəmizin Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində rolunu bir daha təsdiq edir”, –
deyə S.Hüseynova əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da
AzerTimes-a bildirib ki,
bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla
inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur,
Azərbaycan-Avropa İttifaqı əlaqələri şaxələndirilmiş xarakter alıb,
bir çox vacib sahələri əhatə edir.

“Bu baxımdan, Aİ-nin Azərbaycana müxtəlif layihələrin
dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xətti
ayrması əlaqələrin müsbət inkişafının göstəricisidir.

Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının iclasında iştirak etmək üçün bu yaxınlarda
Azərbaycana səfər edən Aİ-nin iki komissarının Azərbaycan – Avropa
İttifaqı əlaqələrinə dair apardığı müzakirələr çox səmərəli keçib.
Prezident Şarl Mişel Azərbaycan-Avropa İttifaqı münasibətlərinə,
həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli
dəstək verir. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa
dair yeni saziş üzrə danışıqlar tezliklə yekunlaşacaq”, – deyə
deputat bildirib.

O qeyd edib ki, bu münasibətlərin yüksək səviyyədə olduğunu
göstərən digər bir amil 2021-ci il dekabrın 13-də Prezident İlham
Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI
Sammitində iştirak etmək üçün Brüsselə səfəri, 2021-c il dekabrın
14-də Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika
Şurasının iclasında iştirakıdır.

“İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə
əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən “Qətiyyətli
dəstək” missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında
planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində
əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, Azərbaycanın Avropanın
enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir
mübadiləsi aparıldı.

Eyni zamanda, 2022-ci il fevralın 4-də Bakıda “Gülüstan”
sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin
VIII toplantısı keçirildi. Bu, onu göstərir ki, Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol
oynayır və Avropa İttifaqı bu münasibətləri yüksək qiymətləndirir”,
– deyə deputat bildirib.

O əlavə edib ki, 2022-ci il fevralın 15-də NATO-nun Baş katibi
Yens Stoltenberqin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi,
NATO-nun Baş katibinin ötən ilin dekabrında NATO-nun ali orqanı
olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham
Əliyevə təşəkkürünü ifadə etməsi də əlaqələrin yüksək inkişafından
xəbər verir.

“Yekun olaraq söyləyə bilərik ki, bu gün Aİ ilə Azərbaycan
arasında əlaqələr yüksək sürətlə inkişaf edir. Azərbaycan Avropanın
enerji təhlükəsizliyində önəmli rol oynayır”, – deyə C.Məmmədov
əlavə edib.

Teqlər: