Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun
olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə
tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə
hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə aparılan
araşdırmalar nəticəsində Bakı şəhəri və regionlarda sudan uçotsuz
və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
“Azərsu”dan
Trend-ə verilən məlumata görə, 2022-ci ilin mart ayında içməli
sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb. Aşkarlanmış
faktların 704-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 98-i
isə regionlarda qeydə alınıb. Həmin faktlar üzrə 223 min kubmetr
həcmində sərfiyyat bərpa olunub.
Ümumilikdə cari ilin birinci rübündə içməli sudan qanunsuz
istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093 fakt aşkarlanıb. Ötən
müddətdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 1902,
regionlarda isə 191 sudan qanunsuz istifadə halı qeydə alınıb.
Bununla əlaqədar 566 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Cari ilin yanvar-mart aylarında sudan qanunsuz istifadə ilə bağlı
60-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim
olunub.
İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları Abşeron
yarımadası üzrə ən çox Binəqədi, Sabunçu və Xəzər rayonlarında,
regionlarda isə Şirvan, Tovuz və İmişli şəhərlərində qeydə
alınıb.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır
ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının
azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla
istifadə edilməsi yolverilməzdir. İçməli sudan səmərəli istifadə
ilə yanaşı, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı
ciddi tədbirlər görülür.
“Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür
əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd
halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək,
özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar
törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət
olunacaq.