Ötən ay əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb (FOTO)

Ötən ay əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
Aprel ayında dövlət tibb müəssisələrinə 849 726 şəxs 1 571 809 dəfə
müraciət edib.

Bu barədə AzerTimes-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən
məlumat verilib.

Bildirilib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı
isə 3 448 090 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i
stasionar şəraitdə göstərilib. Pasiyentlərin 30 %-ni uşaqlar, 70
%-ni böyüklər təşkil edib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı
sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs
sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət
sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici
toxumanın xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri,
sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə
bağlı olub.

Bakı şəhəri üzrə tibbi statistik göstəricilərə gəlincə, aprel
ayında paytaxt üzrə dövlət tibb müəssisələrinə 329 213 şəxs 644 555
dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət
sayının 41 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi
xidmətlərin sayı isə 1 364 139 olub və bu göstərici də bütün tibbi
xidmət sayının 40 %-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu
təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi,
Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika
Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutu, Xəzər Tibb Mərkəzi, Binəqədi
Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat
Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzi.

Cari ilin aprel ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və
rayon üzrə dövlət tibb müəssisələrinə 537 152 şəxs 927 254 dəfə
müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 59
%-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı
isə 2 083 951 olub və bu göstərici də bütün tibbi xidmət sayının 60
%-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunna
Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası,
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax,
Abşeron, Quba, Balakən və Şəki rayon mərkəzi xəstəxanaları
daxildir.

Teqlər: