Ötən ay Azərbaycanın ixracı 3 milyard dolları ötüb

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd.
ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil
edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2
mln. ABŞ dolları və ya 59% artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzindən Trend-ə bildirilib.

2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən
ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dolları artaraq 52,8
milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi
məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan
məmulatların ixracı 56,5%, pambıq lifi ixracı 56,4%, pambıq iplik
ixracı 34,5%, şəkər ixracı 24,1%, qara metallar və onlardan
hazırlanan məmulatların ixracı isə 10,2% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar
ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə
müqayisədə 31% artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti
məhsulları üzrə isə 71,9% artaraq 172 milyon ABŞ dolları təşkil
edib.


2022-ci ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal
ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1milyon
ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (70,6
milyon ABŞ dolları) və Gürcüstan üçüncü (14,5 milyon ABŞ dolları)
olub.

2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid
malların siyahısında pambıq mahlıcı (22,2 milyon ABŞ dolları)
birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və meşə fındığı
(15,9 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin
yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm
də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib
edilib.

Teqlər: