Oruc tutanlar necə qidalanmalıdır?

Ramazan ayında oruc tutan şəxslər səhhətlərini nəzərə
almalıdırlar. Mədə-bağırsaq xorasından, şəkərli diabetin kəskin
formasından əziyyət çəkənlər, yüksək qan təzyiqi və başqa kəskin
xəstəliyi olan insanların oruc tutması onların sağlamlıq
vəziyyətini ağırlaşdıra bilər. Hamilə və süd verən qadınların da
həkimlə məsləhətləşdikdən sonra oruc tutması tövsiyə olunur.

Bunu Trend-ə qidalanma üzrə mütəxəssis Məhsəti
Hüseynova deyib.

Onun sözlərinə görə, oruc tutan şəxslər imsak və iftar zamanı
çoxlu maye qəbul etməlidirlər:

“Oruc tutan bəzi insanlar baş ağrılarından, yorğunluqdan,
halsızlıqdan şikayət edirlər. Bu əsasən orqanizmin mayeyə olan
tələbatının ödənilmədiyi halda baş verir. İftar və imsak vaxtı hər
bir insan mütləq qaydada bədən çəkisinin hər kiloqramına görə 30
qram maye içməlidir. Bu, yalnız təmiz su və ayran olmalıdır. Çay,
kofe və rəngli içkilər bu tələbatı ödəmir. Oruc tutarkən insan
bədəni bir neçə saat ac qalır. Qidalanarkən mövsümi
meyvə-tərəvəzlərə, ət, balıq, pendir, süd məhsulları, yumurta,
zeytun, xurma kimi qidalara üstünlük verilməlidir. Qidalanarkən
çərəzlərdən istifadə etmək də lazımdır. Mütləq qaydada iki dilim
olsa da çörək yeyin. İftar açarkən yeməklərin sıralanmasına fikir
verilməlidir. Belə ki, iftar açarkən birinci ilıq su qəbul
edilməli, 15 dəqiqə gözlədikdən sonra isə yeməyə başlanmalıdır.
Əsas yeməklər isə qızarmış, çox yağlı olmamalıdır. İftardan sonra
yarım saat açıq havada gəzmək məsləhət görülür. Bəzi insanlar
iftarı açdıqdan sonra yatmırlar və imsaka qədər oyaq qalırlar. Bu,
yolverilməzdir. Çünki uzun müddət yuxusuz qaldıqda orqanizmdə
pozulmalar baş verir.

Bundan başqa doqquz yaşına çatmayan qız uşaqlarının, on iki
yaşına çatmayan oğlan uşaqlarının oruc tutması münasib deyil. Bu
yaş dövründə orqanizm sürətlə inkişaf edir. Uşaqlar böyümə yaşında
makro və mikro elementləri qidadan aldığı üçün bu proseslərdə
ləngimə baş verə bilər”, – deyə M.Hüseynova əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də
başlayır.

Teqlər: