Ermənistan silahlı qüvvələrinin keçmiş korpus və hərbi hissələrin komandirlərinə 2021-ci ilin noyabrında işğalda saxladıqları Azərbaycan ərazisindən Ordumuzun tələbi ilə geri çəkildiyi üçün ittiham elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yaydığı məlumatdan aydın olur.
İstintaq iddia edib ki, ordu korpuslarından birinin komandiri vəzifəsini tutan V.Q. (Vahram Qriqoryan) 2021-ci il noyabrın 14-də bölmə komandiri A.M.-yə düşmənlə (Azərbaycan – red.) danışıqlara icazə verib. Bundan sonra o, A.M.-dən düşmənin yolunun açılması ilə bağlı göstəriş alıb və şəxsi heyəti döyüş növbətçiliyi çərçivəsində vəzifələri yerinə yetirməkdən yayındırmaq barədə əmr verib.
Hərbi hissənin komandiri A.M. danışıqları dayandırıb düşmənin irəliləməsinin qarşısını almaq üçün atəş açmaq əmri vermək əvəzinə, düşmən zabitləri ilə birlikdə rotalardan birinin müdafiə xəttinə çıxıb. Bölük komandirləri M.P. və A.T. G.İ.-nin əmri əsasında hərəkət etmək əvəzinə, düşmənin psixoloji təzyiqinə tab gətirməyərək müqavimət göstərmədən, yuxarı rəislərin icazəsi olmadan mövqelərini tərk ediblər. Bölmə komandiri ilə birlikdə mühasirəyə düşüblər. Nəticədə düşmən heç bir müqavimət görmədən Ermənistanın “suveren ərazisini işğal” edərək bir sıra döyüş mövqelərini nəzarətə götürüb.
Qeyd edək ki, Azərbaycan Ordusu əslində xəritə əsasında şərti sərhəddə Azərbaycanın ərazisinə aid mövqelərə yiyələnib və düşməndən də işğal zamanı girdikləri Azərbaycan ərazilərini tərk etməyi tələb edib. Ermənistanın korpus komandiri işğal etdiyi ərazilərdən çəkildiyi üçün hazırda ona ittiham elan edilib.