OPEC+un Əməkdaşlıq bəyannaməsi 2022-ci ildən sonra da lazım olacaq – Pərviz Şahbazov

Xəbər - Ləman Zeynalova – Trend:

OPEC+un Əməkdaşlıq bəyannaməsi platforması balansın təmin olunması aləti qismində 2022-ci ildən sonra da lazım olacaq.

Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov OPEC bülletenində dərc olunan müsahibədə deyib.

O qeyd edib ki, ixracatçı ölkələr bu cür səmərəli əməkdaşlığı dəstəkləməli və neft bazarında öz addımlarını müzakirələr və qarşılıqlı anlaşma vasitəsilə uyğunlaşdırmalıdır.

“2016-cı ildə Əməkdaşlıq bəyannaməsi imzalanarkən əsas məqsədlərdən biri tələb və təklifi balanslaşdırmaqla bazarda sabitliyə nail olamq idi. Dünya iqtisadiyyatında COVID-19 pandemiyası ilə bağlı qeyri-müəyyənliklər, eləcə də “yaşıl” energetika sahəsində artan təşəbbüslər bazar balansının təmin olunması üçün səmərəli alətin vacibliyini təsdiq edir”, – deyə o bildirib.

Nazir qeyd edib ki, 2019-cu ildə qəbul edilmiş “Əməkdaşlıq xartiyası” OPEC-lə təşkilatta daxil olmayan ölkələr arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltdi.

“Fikrimcə, Xartiya çərçivəsində həyata keçirilən tədbirlər və bugünədək qəbul edilən qərarlar özünü doğruldub və Xartiyanın gələcəyinə əminliyi artırıb. Hesab edirəm ki, Xartiya bundan sonra da ixracatçı ölkələr, istehlakçılar, investorlar və digər aparıcı iştirakçılar arasında dialoqun qurulması üzrə missiyasını davam etdirəcək”, – P.Şahbazov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: