Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 30 illiyi ilə bağlı silsilə tədbirlər keçirib (FOTO)

30 il bundan öncə Xocalıda törədilən qətliamın anım günü ilə
əlaqədar Ombudsmanın Quba, Şəki, Cəlilabad və Gəncə regional
mərkəzləri bir sıra tədbirlər keçirib.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, Ombudsmanın
Gəncə Regional Mərkəzi Gəncə, Samux, Yevlax və Qazax rayonlarından
müxtəlif müəssisələrin nümayəndələrinin iştirakı ilə Xocalı
faciəsinə dair silsilə tədbirlər keçirib.

Tədbirlərdə çıxış edən Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi
Abbasov bu dəhşətli cinayət nəticəsində insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq
konvensiyaların tələblərinin kobud şəkildə pozulduğunu vurğulayıb.
Həmçinin Xocalı soyqırımının Ermənistanın təcavüzü nəticəsində
başlanmış silahlı münaqişənin gedişatında baş verdiyindən
törədilmiş cinayətlərin beynəlxalq humanitar hüquq normalarına
əsasən də tövsif edilməli olduğu qeyd olunub.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Peşə
Liseyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu
ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə təşkilatçı
qurumların nümayəndələri, habelə liseyin müəllim və tələbələri
iştirak ediblər.

Tədbir zamanı 1992-ci ildə Xocalıda mülki əhaliyə qarşı
törədilmiş cinayətlər haqqında danışılıb, onun bəşəriyyətə qarşı
törədilmiş cinayət aktı olduğu vurğulanıb. Sonda Xocalı soyqırımına
həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Ombudsmanın Quba Regional Mərkəzi də müxtəlif dövlət qurumları ilə
birgə Qubada, Xaçmazda və Qusarda Xocalı faciəsinə həsr olunmuş
silsilə tədbirlər keçirib. Tədbirlərə sözügedən rayonların fəal
gəncləri, din xadimləri, yerli dövlət qurumlarının nümayəndələri və
ictimaiyyət nümayəndələri qatılıblar.


Tədbirlər zamanı Ombudsmanın Xocalı soyqırımının 30-cu ildönümü
ilə əlaqədar verdiyi bəyanatın mətni iştirakçıların diqqətinə
çatdırılıb. Bundan başqa, Regional Mərkəzin rəhbəri Bəhruz
Əfəndiyev Quba rayonunda təşkil olunmuş qanvermə aksiyasında
iştirak edib.

Ombudsmanın Şəki Regional Mərkəzi isə şəhər 10 və 12 saylı tam
orta məktəblərdə və Şəki Tibb Kollecində, həmçinin Mingəçevir şəhər
Ruslan Muradov adına Texniki-humanitar liseydə müəllim, şagird və
tələbələrin iştirakı ilə tədbirlər keçirib.

Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov tədbirlərdə
çıxışı zamanı Xocalıda törədilən cinayət əməllərinin beynəlxalq və
dövlətdaxili hüquqa əsasən soyqırım olduğunu, dünya ictimaiyyətinin
məlumatlandırılmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının
xüsusi rol oynadığını bildirib. Xocalıda törədilmiş kütləvi qırğını
bir sıra dövlətlərin parlamentlərinin soyqırım kimi qəbul etdiyi,
24 ABŞ ştatının faciəni qətiyyətlə pislədiyi, İslam Əməkdaşlıq
Təşkilatının da Xocalıda törədilmiş cinayəti soyqırım kimi tanıdığı
qeyd olunub.

Regional mərkəzlərin nümayəndələri çıxışları zamanı Ombudsmanın
Xocalı soyqırımı ilə əlaqədar ənənəvi olaraq, o cümlədən soyqırımın
30-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı bəyanatı
barədə iştirakçılara məlumat veriblər.

Teqlər: