Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri təşkil olunub (FOTO)

Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzləri
tərəfindən müxtəlif əhali qrupları üçün hüquqi maarifləndirmə
tədbirləri keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi sağlamlıq imkanları məhdud
uşaqları və əlilliyi olan gəncləri birləşdirən “Fərəh” İctimai
Birliyinin ofisində gənclərin iştirakı ilə “Ayrı-seçkiliklə
mübarizə” mövzusunda hüquqi maarifləndirici təlim keçirib. Təlimdə
Ombudsmanın ayrı-seçkilik əleyhinə mübarizə sahəsində hüquqi
maarifləndirməyə xüsusi əhəmiyyət verdiyi, bu istiqamətdə təsisatın
Avropa Şurasının Bakı nümayəndəliyi ilə səmərəli əməkdaşlıq
qurduğu, Avropa Şurasının Azərbaycan üçün qəbul etdiyi 2022-2025-ci
illəri əhatə edən fəaliyyət planında əsas istiqamətlərdən birinin
də məhz ayrı-seçkiliklə mübarizə olduğu bildirilib. Təlimdə
iştirakçılara ayrı-seçkiliklə mübarizəyə həsr olunmuş
maarifləndirici bukletlər təqdim olunub.

Ombudsmanın Quba Regional Mərkəzinin təşkilatçılığı ilə Siyəzən
şəhərinin 6 və 3 nömrəli tam orta məktəblərində “İnsan hüquqlarının
təmin olunmasında ayrı-seçkiliklə mübarizənin rolu” mövzusunda
maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə şagirdlərə insan
hüquq və azadlıqları, ayrı-seçkiliklə mübarizə sahəsində milli və
beynəlxalq aktlar barədə məlumat verilib. Eyni zamanda, Azərbaycan
Ombudsman təsisatının bu sahədə təcrübəsi, təsisata müraciət etmək
üçün vasitələr, o cümlədən 916 Çağrı Mərkəzi barədə məlumatlar da
diqqətə çatdırılıb. Daha sonra iştirakçıların sualları
cavablandırılıb və onlara hüquqi-maarifləndirici çap vəsaitləri
təqdim olunub.

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən Şəki
“ASAN xidmət” mərkəzində, Şəki, Qax və Oğuz rayonlarında ASAN
könüllülərinin, yerli icra və özünüidarəetmə orqanlarının
əməkdaşlarının, sakinlərin, o cümlədən Vətən müharibəsi
şəhidlərinin ailə üzvlərinin, müharibə veteranlarının iştirakı ilə
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsində Ombudsmanın rolu” mövzusunda hüquqi maarifləndirmə
tədbirləri keçirilib. Tədbirlərdə ölkəmizdə insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar,
Ombudsmanın bu sahədə rolu və əsas fəaliyyət istiqamətləri,
müraciətlərə baxılma qaydası barədə məlumat verilib, iştirakçıların
sualları cavablandırılıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə Lənkəran Peşə
liseyində “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir
keçirib. Tədbir zamanı insan hüquqları ilə əlaqədar beynəlxalq
sənədlər, Konstitusiya və digər milli qanunvericilik aktları,
habelə ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində
aparılan hüquqi islahatların tərkib hissəsi kimi yaradılmış
Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti barədə məlumat
verilib.

Teqlər: