Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri əlilliyi olan şəxslərin hüquqları ilə bağlı dəyirmi masada çıxış edib

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov
Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı
Reabilitasiya Mərkəzinin Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində
“Əlilliyi olan uşaqların rifahı üçün sosial xidmətlərin rolu”
mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin, dövlət qurumları, QHT və KİV
nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əlilliyi olan
şəxslərin hüquqlarının təmininin Ombudsman tərəfindən daim diqqət
mərkəzində saxlanıldığı və S.Əliyevanın təşəbbüsü ilə Ombudsman
Aparatının strukturunda yeni sektor yaradıldığı bildirilib.

Diqqətə çatdırılıb ki, Ombudsman və onun Milli Preventiv
Qrupunun üzvləri tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının
təmin olunması, saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla
rəftarının araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər
həyata keçirilir.

Çıxışda Ombudsman tərəfindən sosial xidmət müəssisələrində
dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin və ahılların
hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə
səlahiyyətli dövlət qurumlarına müraciətlər edildiyi
bildirilib.

Dəyirmi masada digər dövlət qurumlarının nümayəndələri və QHT
təmsilçiləri də çıxış ediblər. Tədbirdə əlilliyi olan şəxslərin
üzləşdikləri problemlər geniş müzakirə olunub.

Teqlər: