Ombudsman “Qadın, sülh və təhlükəsizlik İkinci Qarabağ müharibəsindən sonra” mövzusuna həsr olunmuş tədbirdə iştirak edib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva “Qadın, sülh və təhlükəsizlik İkinci
Qarabağ müharibəsindən sonra” adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxışı zamanı Ombudsman müstəqil Azərbaycanda
qadınların cəmiyyətdəki rolu, bütün sahələrdə kişilərlə bərabər
hüquqlara malik olması, ictimai-siyasi həyatda iştirakı, habelə
ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən söhbət
açıb.
Daha sonra Ombudsman təsisatının ötən 20 il ərzindəki fəaliyyəti,
qadın hüquqlarının müdafiəsi, qadınların idarəetmədə və ictimai
həyatdakı mövqeyinin genişləndirilməsi, onların pozulan
hüquqlarının bərpasından bəhs edib.

Qeyd edilib ki, dünyanın COVID-19 infeksiyası ilə mübarizə
apardığı bir vaxtda Ermənistanın Azərbaycanın müxtəlif yaşayış
məntəqələrini ağır artilleriya və raketlərdən, qadağan edilmiş
silahlardan istifadə etməklə atəşə tutması zamanı çoxsaylı mülki
şəxslər, o cümlədən qadınlar da həlak olub. Ermənistanın hərbi
təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, bioloji
müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə
işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə
ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.

Çıxış zamanı Ombudsman tərəfindən dünya ictimaiyyətinə edilən
müraciətlər, beynəlxalq təşkilatlara ünvanlanan əsaslandırılmış
hesabatlar, müharibə və terror cinayətlərini ifşa edən geniş
fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyaların həyata
keçirilməsi barədə də məlumat verilib.

Bununla yanaşı, S.Əliyeva dövlətimizin qarşısında duran əsas
vəzifədən – azad edilmiş ərazilərin minalardan təmizlənməsi,
dağıdılmış infrastrukturun, Azərbaycan xalqının tarixi abidələrinin
bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz
qayıdışının təmin edilməsi mövzusuna toxunub.

Ombudsman cəmiyyətin hər bir üzvü kimi Azərbaycan qadınının
postmünaqişə dövründə həyata keçirilən tədbirlərdə, o cümlədən sülh
quruculuğu prosesində yaxından iştirak etməli olduğunu
bildirib.

Sonda Ombudsman tədbir iştirakçılarını insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində birgə əməkdaşlığa dəvət edərək,
tədbirin işinə uğurlar arzulayıb.

Teqlər: