Ombudsman Səbinə Əliyeva Mediasiya Şurasının İdarə Heyətinin
sədri Nadir Adilovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Qonaqları salamlayan S.Əliyeva mediasiya prosesinin xüsusən
biznes sektoru üçün əhəmiyyətli bir vasitə olduğunu qeyd edib.
Ombudsman düzgün təşkil edilmiş mediasiyanın vətəndaşlara məhkəmə
proseslərinə getmədən, könüllü qaydada mediasiya prosesində iştirak
etməklə mübahisələrin həll edilməsi, bununla da hüquqlarının
effektiv müdafiəsi üçün imkanlar yarada biləcəyini bildirib.
Müvəkkil qeyd olunan məsələlərin Ombudsman təsisatı üçün də
əhəmiyyət kəsb etdiyini, Mediasiya Şurası ilə əməkdaşlığa önəm
verildiyini vurğulayıb. Mediasiya prosesi ilə bağlı ünvanlanmış
müraciətlərin araşdırılması sahəsində birgə əməkdaşlıqdan danışan
Ombudsman mediasiya sahəsində mövcud ola biləcək boşluqların,
problemlərin aşkar edilməsi və monitorinqinin bu sahənin
təkmilləşdirilməsi perspektivi baxımından əhəmiyyətli olduğunu
vurğulayıb.
Daha sonra Ombudsman Aparatı ilə Mediasiya Şurası arasında
əməkdaşlıq əlaqələrinin qurulması, kordinasiya işinin təşkili və
bununla əlaqədar həm Ombudsman Aparatında, həm də Mediasiya
Şurasında əlaqələndirici şəxslərin müəyyən edilməsi, mediatorların
qanunvericiliyin tələbləri barədə məlumatlılıq səviyyəsinin
artırılması məqsədilə mərkəzdə və regionlarda birgə marifləndirmə
tədbirlərinin həyata keçirilməsi, mediasiya fəaliyyəti ilə bağlı
Müvəkkilə ünvanlanmış müraciətlərlə əlaqədar funksional və normativ
boşluqların müəyyən edilməsi və operativ qaydada aradan
qaldırılması qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə
görüşlərin keçirilməsi, müzakirələrin aparılması barədə
danışılıb.
Ombudsman tərəfindən Mediasiya Şurasının nəzarət funksiyası
çərçivəsində mediatorların fəaliyyətinin yoxlanılması məqsədilə
monitorinqlərin təşkil edilməsi və mediasiya fəaliyyətinin həyata
keçirilməsi zamanı mediatorların qarşılaşdıqları çətinliklər,
normativ hüquqi aktlarda mövcud olan boşluqların aradan
qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı
təkliflərin müzakirə olunması, bununla əlaqədar aidiyyəti qurumlara
müraciətlər edilməsi sahəsində birgə əməkdaşlıq aparılması
təklifləri irəli sürülüb.
Görüş zamanı Nadir Adilov Mediasiya Şurasının yarandığı gündən
başlayaraq həyata keçirilmiş fəaliyyət haqqında məlumat verib.