Ombudsman İraq və Suriyadan gətirilən qadın və uşaqları ziyarət edib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin
müəssisəsinə yerləşdirilən repatriantları ziyarət edib.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Azərbaycan Hökuməti tərəfindən martın 31-də İraq və Suriyadan
ölkəmizə repatriasiya edilmiş qadın və uşaqlardan ibarət daha 7
Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsində zəruri qayğı
xidmətləri ilə təmin olunur. Onların sosial-psixoloji
vəziyyətlərinin qiymətləndirilməsi də aparılır. Nəticəsinə uyğun
olaraq hər bir repatriant şəxslə bağlı sosial-reabilitasiya yönümlü
fərdi inkişaf planları həyata keçiriləcək və həmin şəxslər öz mənşə
ailələrinə verildikdən sonra da davam etdiriləcək.

S.Əliyeva daha sonra Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan
şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzini ziyarət edib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Mərkəzin
fəaliyyət istiqamətləri barədə Ombudsmana məlumat verib. Bildirilib
ki, Peşə-əmək Reabilitasiya Mərkəzində 15-29 yaşlı əlilliyi olan
şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.
Burada kompyuter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq,
xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz
köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Ombudsman Boccia üzrə milli komandamızın üzvlərinin təlim-məşq
prosesi keçmələri üçün yaradılan şəraitlə də tanış olub. Boccia
İdman Federasiyasının göndərişi əsasında Agentliyin bu mərkəzində
Boccia üzrə milli komandamızın tərkibində çıxış edən
idmançılarımızın məşq etmələri üçün hər cür şərait yaradılıb.

Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinin Xaçmaz rayonunda
filialının, eləcə də Agentliyin 10 müəssisəsində sosial
reabilitasiya kabinetlərinin yaradılacağı da qeyd edilib. Həmin
kabinetlərdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə 20-dək terapiya
(musiqi, rəqs, əmək, film, landşaft, səhnə-nağıl, məişət və s.)
növü vasitəsilə iş aparılacağı diqqətə çatdırılıb.

Teqlər: