Ombudsman Fransa səfiri və Fransa XİN rəsmisi ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Fransa Respublikasının Xarici İşlər
Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy və Fransa
Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari
Qrossu qəbul edib.

Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, S.Əliyeva qonaqlara Azərbaycan Ombudsman
təsisatının mandatı, insan hüquqlarının müdafiəsi sahəsində həyata
keçirdiyi çoxşaxəli fəaliyyət barədə məlumat verib.

Daha sonra müharibə və postmüharibə dövründə Azərbaycan
Ombudsmanı tərəfindən həyata keçirilən fəaliyyət, faktaraşdırıcı
missiyalar, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən
insan hüquqları və beynəlxalq humanitar hüququn norma və
prinsiplərinin kobud şəkildə pozulması halları barədə
danışılıb.

Görüşdə azərbaycanlı məcburi köçkünlərin Ermənistanın işğalından
azad edilmiş doğma yurdlarına qayıdışı üçün dövlət tərəfindən
kompleks tədbirlərin həyata keçirildiyi, bununla yanaşı, azad
edilmiş ərazilərimizdə mövcud olan mina təhlükəsinin, habelə
yaşayış evlərinin tamamilə dağıdılmış vəziyyətdə olmasının bir
milyona yaxın məcburi köçkün əhalinin öz yurdlarına qayıtmasına
əngəl yaratdığı vurğulanıb.

Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov
götürülmüş dörd minə yaxın soydaşımızın taleyi barədə narahatlıq
qonaqların diqqətinə çatdırılıb.

Görüşdə, həmçinin regionda sülhün təmin olunmasında milli insan
hüquqları institutlarının rolu, mövcud vəziyyətin
normallaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyəti
barədə fikir mübadiləsi aparılıb.

Teqlər: