Ombudsman ermənilərin basdırdığı minalarla bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva azad edilmiş ərazilərində
mövcud olan mina təhlükəsi ilə bağlı açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlamada deyilir:

“Azərbaycanın azad edilmiş ərazilərində mövcud olan mina
problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını
ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoymuş və ya
ömürlük əlillik dərəcəsi almalarına səbəb olmuşdur. İkinci Qarabağ
müharibəsi bitdikdən sonra mina partlayışları nəticəsində həlak
olmuş və xəsarət almış azərbaycanlıların sayı 200-ə yaxındır.

Ötən gün Kəlbəcər rayonunun Günəşli kənd sakinlərinin öz
evlərini ziyarət etməsi məqsədilə təşkil edilmiş səfərdə növbəti
belə faciənin qarşısı alınmış oldu. Belə ki, Azərbaycan Ordusunun
hərbi qulluqçusunun sakinlərdən birini müşayiət edərkən ehtiyatlı
davranması nəticəsində evlərin sıx yerləşdiyi həmin kənddə tank
əleyhinə mina aşkarlanmış, bununla kənd sakinləri, dövlət qurumları
və KİV nümayəndələrinin daxil olduğu 20 nəfərin həyatı son anda
xilas edilmişdir.

Kütləvi insan tələfatına səbəb ola biləcək həmin minaların
2020-ci ildə Kəlbəcər rayonunun boşaldılması üçün ermənilərə
verilmiş müddət ərzində basdırıldığı ehtimal edilir. Təəssüf ki,
Azərbaycanın humanist yanaşmasına cavab olaraq Ermənistanın
cinayətkar əməlləri günahsız insanların həyatlarına təhlükə
yaratmaqdadır. Ötən il iyun ayında da həmin rayonda tank əleyhinə
minanın partlaması nəticəsində iki jurnalist və bir məmur həlak
olmuşdu.

Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin
yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı
çağırışlarına baxmayaraq dəqiq mina xəritələrinin təqdim edilməməsi
beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox
fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı
tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edilsə
də, nəticə əldə olunmamışdır.

Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı
təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana
beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq
təşkilatları ədalətli yanaşma sərgiləyərək, qəti münasibət
bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə
çağırıram”.

Teqlər: