Ombudsman Aparatının əməkdaşları tərəfindən Polis Akademiyasında dinləyicilər üçün mühazirə oxunub (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyası
arasında insan hüquqlarının təbliği istiqamətində səmərəli
əməkdaşlıq əlaqələri davam etdirilir.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində Polis Akademiyasında
dinləyicilər üçün insan hüquqlarının müxtəlif aspektlərinə dair
mövzularda, o cümlədən “Ombudsmanın Milli Preventiv Mexanizm
fəaliyyəti” mövzusunda mühazirələr oxunur, nəzəri biliklərin
təcrübə ilə əlaqələndirilməsi təşkil edilir.

Daxili İşlər Nazirliyinin rayon-şəhər polis idarə və şöbələrinin
rəhbər heyətinə ünvanlanan növbəti mühazirə “Korrupsiyaya qarşı
mübarizə və bu sahədə milli və beynəlxalq qanunvericilik aktlarının
tələbləri” mövzusunda olub və Ombudsman Aparatı rəhbərinin müavini
Rəşid Rumzadə və İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri
Vüqar Heydərov tərəfindən oxunub.

Mühazirə iştirakçıları ölkədə korrupsiyaya qarşı mübarizə
sahəsində görülən işlər, Ombudsmanın bu istiqamətdə həyata
keçirdiyi fəaliyyət barədə təqdimatlar əsasında ətraflı
məlumalandırılıb.

Mühazirədə ölkə Prezidentinin 04.04.2022-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət
Planı” barədə məlumat verilib. Qeyd edilib ki, dövlət qurumlarının
fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait
yaradan halların qarşısının alınması, dövlət orqanlarının
ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi,
dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da
təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya
qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin
edilməsi məqsədilə qəbul edilmiş Milli Fəaliyyət Planının icrası
istiqamətində digər qurumlarla yanaşı İnsan Hüquqları üzrə Müvəkkil
(Ombudsman) təsisatı da fəaliyyət göstərməkdədir.

Mühazirə mövzusuna uyğun olaraq Ombudsman tərəfindən insan hüquq
və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən və
planlaşdırılan fəaliyyət barədə məlumat verilib, dinləyiciləri
maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb. Tədbir
interaktiv müzakirələr şəraitində davam etdirilib.

Teqlər: