Ombudsman Aparatında tələbə və magistrantların istehsalat və elmi-tədqiqat təcrübəsinin ilk mərhələsinə yekun vurulub (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) gənc mütəxəssislərin insan hüquqları sahəsində təcrübə
əldə etməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə müvafiq ixtisaslar
üzrə təhsil alan tələbə və magistrantların Ombudsman Aparatında
istehsalat və elmi-tədqiqat təcrübəsi keçmələrinə şərait
yaradılır.

HazırdaBakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər
Universiteti (ADU) və Qərbi Kaspi Universitetindən (QKU) Ombudsman
Aparatına daxil olmuş müraciətlər əsasında həmin ali məktəblərin
tələbə və magistrantları mərhələli şəkildə istehsalat və
elmi-tədqiqat təcrübəsinə cəlb olunublar.

Bütün dünyada olduğu kimi ölkəmizdə də davam edən koronavirus
(COVID-19) pandemiyası səbəbindən istehsalat və elmi-tədqiqat
təcrübəsinin hibrid formatda təşkil olunması barədə razılıq əldə
olunub.

Praktikantlar təcrübə müddətində təsisat haqqında ümumi məlumat
əldə edib, giriş olaraq “Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu,
Ombudsmanın Aparatı və regional mərkəzləri barədə onlayn
mühazirələri dinləyiblər. Eyni zamanda “ZOOM” platforması üzərindən
təşkil olunan sessiyalar çərçivəsində təsisatın rəhbər vəzifəli
şəxsləri tələbə və magistrantlara Müvəkkilin insan hüquqlarının
müdafiəsi, həmçinin vətəndaşların müraciətlərinə baxılması
qaydaları,informasiya əldə etmək hüququnun müdafiəsi, beynəlxalq
təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə
əməkdaşlıq,işgəncələrin qarşısının alınması sahəsindəki fəaliyyəti
barədə ətraflı məlumat veriblər.

Daha sonra təsisatın müxtəlif şöbə və sektorlarında əyani
şəkildə təcrübələrini davam etdirən tələbə və magistrantlar
Ombudsmanın insan hüquqları üzrə ixtisaslaşmış kitabxanası ilə
tanış olub, buraxılış işləri və magistrlik dissertasiyalarının
yazılması üçün seçilmiş mövzulara uyğun zəruri məlumatlardan
faydalanmaq imkanı əldə ediblər.

Təcrübənin yekununda praktikantlara Ombudsman Səbinə Əliyeva
tərəfindən xasiyyətnamələr təqdim edilib, əhalinin hüquqi cəhətdən
maarifləndirilməsi, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin
inkişaf etdirilməsi ilə bağlı əməkdaşlığın gələcəkdə müxtəlif
formalarda davam etdirilməsi tövsiyə olunub.

Teqlər: