Ombudsman Aparatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Xəbər - Humay Ağacanova – Trend:

Ombudsman Aparatı Xocalı soyqırımının 30-cu ildönümü ilə
əlaqədar bəyanat yayıb.


Trend
-in məlumatına görə, bəyanatda deyilir:

“XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və
insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından
30 il ötür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu
etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc
insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin
salınmışdır.

Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı
birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu
qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı
qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və
keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı
alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı
aktı törədilmişdir.

Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla,
613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov
götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o
cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri
alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq
valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini
itirib.

Həmin dövrdə dünyanın bir sıra aparıcı telekanalları, “The
Times”, “The Guardian” qəzetləri, “Reuters”, “BBC” agentlikləri
Xocalıda xüsusi qəddarlıqla törədilən insanlığa qarşı cinayətlər
barədə məlumat yaymışdır.

“Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch”
təşkilatının hesabatlarında Xocalıda mülki əhaliyə qarşı törədilmiş
dəhşətli cinayətlər barədə məlumatlar öz əksini tapmışdır.

Xocalıda mülki əhalinin məhz etnik mənsubiyyətinə görə kütləvi
və məqsədyönlü şəkildə qırğını BMT Baş Məclisinin 1946-cı il 11
dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr
tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”
Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik
təmizləmə və soyqırımı siyasəti nəticəsində bir sıra beynəlxalq
sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının,
“Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyanın, “İşgəncə və digər qəddar, qeyri-insani,
yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı
Konvensiya”nın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında”
Konvensiyanın və “İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında” Avropa Konvensiyasının, Mülki və siyasi
hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni
hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri kobud şəkildə
pozulmuşdur.

Soyqırım siyasətini davam etdirən Ermənistan İkinci Qarabağ
müharibəsi dövründə də hərbi əməliyyatların baş verdiyi ərazilərdən
kilometrlərlə uzaqda olan, mülki əhalinin sıx yerləşdiyi şəhər və
kəndləri ballistik raketlərlə, kasetli bombalarla hədəfə almış,
bunun nəticəsində 12-si uşaq olmaqla, 100-ə yaxın mülki şəxs həlak
olmuş, 50-si uşaq olmaqla, 400-dən çox insan yaralanmışdır. Həmin
dövrdə Ermənistanın mülki obyektlərə hücumları 3410-dan çox evin,
120 çoxmənzilli yaşayış binasının və xeyli sayda məktəb, xəstəxana,
uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastrukturun
dağılmasına səbəb olmuşdur.

Ölkəmizə qarşı yönəlmiş hərbi təcavüzün qarşısının alınması və
mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə
Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı
nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş
torpaqlarımız qısa müddət ərzində azad edilmiş, soydaşlarımızın
pozulmuş hüquqlarının bərpa edilməsi üçün əsas yaranmışdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ildə
Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına
siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı Soyqırımı
Günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər beynəlxalq
ictimaiyyətə çatdırılmışdır.

Qarabağla bağlı həqiqətlərin, xüsusilə də Xocalı soyqırımının
dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata
keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası müstəsna rola
malikdir.

Hazırda 17 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı
Xocalıda törədilmiş qətliamı pisləyən qətnamə və qərarlar qəbul
edib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı
faciəsini isə soyqırımı kimi tanıyıb.

Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı
ərazi iddiaları ilə başladığı münaqişədən bu günədək Xocalıda itkin
düşmüş şəxslər də daxil olmaqla, əsir və girov götürülmüş, itkin
düşmüş 4000-ə yaxın azərbaycanlının taleyindən xəbər yoxdur.

Dünya ictimaiyyəti beynəlxalq humanitar hüquq normalarını kobud
surətdə pozan Ermənistana münasibətdə təsirli tədbirlər görməli,
əsir və girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının
taleyi barədə məlumatların əldə olunması məqsədilə cavabdeh dövlətə
təzyiqlər etməlidir.

Xocalı soyqırımı öz miqyasına, qəddarlığına və qeyri-insani cəza
üsullarına görə XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli
soyqırımı aktlarındandır.

Soyqırımının törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf
ki, beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara yol
verilərək, bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət
verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb
edilməyib.

Dünya ictimaiyyəti, əlaqədar beynəlxalq təşkilatlar Xocalıda
törədilmiş soyqırımı aktına adekvat reaksiya verməli, bu cinayət
soyqırımı kimi tanınmalı, onun sifarişçiləri, icraçıları ədalət
mühakiməsinə cəlb olunmalıdırlar”.

Bəyanat Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən BMT-nin Baş
Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları
üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına,
BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa
İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və
Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar
Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv
dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq
Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa
Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna,
müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları
institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və
xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın
diaspor təşkilatlarına göndərilib.

Teqlər: