Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar
bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatda deyilir:

“Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni
millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu
məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya
siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və
faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü
1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı
hadisələridir.

Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı
quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba
qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və
Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və
dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış
məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət
yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110
kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi,
Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış,
yandırılmış və dinc əhaliyə divan tutulmuşdur.

1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada,
Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi
qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil
olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında
199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir.

Bu soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman
keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın
qan yaddaşında silinməz izlər qoyub. 1998-ci il mart ayının 26-da
Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan
verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət
verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan
edildi.

Aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı
ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan
faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar
aşkarlanmışdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq
sərancamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi
yaradılmışdır. Hər il minlərlə insan bu məkanı ziyarət edərək qətlə
yetirilmiş soydaşlarımızın əziz xatirəsini anır.

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə
yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Təəssüflər
olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş
soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər
olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə
adekvat reaksiya verilməmiş, Azərbaycana münasibətdə ikili
standartlar nümayiş etdirilmişdir. Bu xüsusda Avropa Parlamenti
tərəfindən Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi ilə
bağlı qəbul edilən 2022-ci il 10 mart tarixli qətnamə bir daha
ölkəmizə qarşı yönələn qərəzli, ikili standartlara söykənən
siyasətin göstəricisi oldu. Belə ki, son 30 ilə yaxın davam etmiş
işğal müddətində mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət
əleyhinə çoxsaylı cinayətlər törətmiş Ermənistan tərəfindən
xalqımıza məxsus tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı
məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir
əlyazmalar, qəbiristanlıqlar məqsədli və sistemli şəkildə
dağıdılıb. Bu illər ərzində Azərbaycan tərəfinin dəfələrlə
çağırışlar etməsinə baxmayaraq, əlaqədar beynəlxalq təşkilatlar
tərəfindən bu məsələlərin yerində araşdırılması ilə bağlı hər hansı
faktaraşdırıcı missiya göndərilməmişdir.

Uzun illərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş
olduğu etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni
irsimizə qarşı vandalizm aktlarına da hər hansı reaksiyanın
verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkilik və laqeydliyin
göstəricisi olmaqla, beynəlxalq humanitar hüquq prinsiplərinə də
ziddir.

Beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, monoetnik
Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq prinsiplərinə
və multikulturalizm dəyərlərinə sahib ölkə kimi Cənubi Qafqazda
sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, xalqların
əmin-amanlıq şəraitində birgəyaşayışının bərpa olunması
istiqamətində üzərinə düşən bütün addımları atır.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti
mülki əhaliyə qarşı törədilmiş cinayətlərin araşdırılması, eləcə də
azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi ilə
bağlı real fakt və sübutlara əsaslanan hallara münasibətdə ədalətli
mövqe nümayiş etdirməli və şəffaf yanaşma sərgiləməlidir.

Bir daha azərbaycanlılara qarşı törədilən soyqırımı
qurbanlarının əziz xatirəsini dərin hüznlə anır, insan hüquqlarının
qorunması və gələcəkdə bu kimi halların təkrarlanmaması naminə
dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu soyqırımı aktına
lazımi siyasi-hüquqi qiymət verməyə çağırıram”.

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin
Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan
Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının,
Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa
Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına,
İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin
Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının
Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları
Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif
ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına,
Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin
respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor
təşkilatlarına göndərilmişdir.

Teqlər: