Ölkəyə daha çox xarici tələbə cəlb etmək üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Xarici ölkələrdən tələbələrin gəlməsi üçün ilk növbədə universitetlər Azərbaycanın daxili təhsil tələblərinə və beynəlxalq standartlara cavab verməlidir.

Bunu Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, hazırda ölkənin ali təhsil müəssisələrində xarici tələbələrin təhsil alması üçün hər cür şərait var, buna baxmayaraq bəzi nüanslara görə, Azərbaycanda xarici tələbələrin sayı bir çox ölkələrlə müqayisədə azdır:

“Məsələn, Sinqapurun ərazisi Bakının yarısı boydadır. Amma buna baxmayaraq, Sinqapurun iki universitetində əcnəbi tələbələrin sayı ildə 80 min olur. Türkiyədə xaricdən gəlib təhsil alanların sayı 850 min, Rusiyada isə 240 minə çatır”.

Ekspert bildirib ki, bu məsələdə piar işinin yaxşı təşkil edilməsi də böyük əhəmiyyət daşıyır: “Xarici ölkələrdən tələbələrin gəlməsi üçün ilk növbədə universitetlər ölkə təhsili tələblərinə və beynəlxalq standartlara cavab verməlidir. Amma biz bunları, təəssüf ki, universitetlərimizdə görə bilmirik. Eyni zamanda, təhsil müəssisələri verdikləri təhsili dünyaya çatdırmaq üçün ciddi aktiv piar aparmalı, universitetlər xaricdə təhsil sərgilərində iştirak etməli və təhsil xidmətlərini təqdim etməlidir. Bundan sonra ciddi uğurlara imza atmaq olar”.


Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.

Twitter:@cingizsafarli

Teqlər: