Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi,
aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda
gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli
Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən
ölkənin yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən
etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil
edilir. Bunu Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif
Verdiyev bildirib.

Onun sözlərinə görə, əgər keçən il 25 qarölçmə marşrutu üzrə
ölçmə-tədqiqat işləri aparılıbsa, bu ildən etibarən marşrutların
sayı 31-ə çatdırılıb ki, bu da Şərqi Zəngəzur və Qarabağ iqtisadi
rayonlarının dağlıq ərazilərində qarölçmə işlərinin daha geniş
ərazidə aparılması ilə bağlıdır.

“Ölçmə işləri Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının
Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazisindən axan
Tərtərçay, Levçay, Tutqunçay, Xaçınçay, Bərgüşadçay, Həkəriçay,
Zabuxçay, Qarqarçay, Köndələnçay, Quruçay çaylarının hövzələrində 8
marşrut üzrə 2 qrupdan ibarət ekspedisiya tərəfindən dəniz
səviyyəsindən 1550-2200 metr yüksəklikdə həyata keçiriləcək.
2021-ci ildə isə qarölçmə işləri 2 marşrut üzrə yalnız Tərtərçay və
Həkəriçay çaylarının hövzələrində aparılmışdı”.


A.Verdiyevin sözlərinə görə, ümumilikdə ölkənin əsas çay
hövzələrini əhatə etmək üçün qarölçmə işləri 5 qrupdan ibarət
ekspedisiya təşkil olunaraq Böyük və Kiçik Qafqazın yüksək dağlıq
ərazilərində həyata keçiriləcək və qar örtüyünün hündürlüyü,
çəkisi, sıxlığı, sululuğu təyin olunacaq.

Mərkəz direktoru bildirib ki, qarölçmə işlərində iştirak edəcək
mütəxəssislər üçün ərazidə təhlükəsizlik qaydalarına riayət
olunması məqsədilə ANAMA-nın mütəxəssisləri tərəfindən təlimlər
təşkil olunacaq.

Teqlər: