Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

Müasir Azərbaycan tarixinin bütöv bir dövrü, önəmli bir
mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə
bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü
Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil
ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının
təntənəsidir. Təsadüfi deyil ki, tarixdə öz əməlləri ilə iz qoymuş
şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin adı Vətənə və xalqa göstərdiyi misilsiz xidmətləri
baxımından birincilər sırasında çəkilir. Dahi rəhbərin hakimiyyətdə
olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailiyyətlərin
fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, onun
uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.

Öz tarixini, keçmişini unudan xalqın gələcəyi olmaz. Məhz bu
baxımdan ötən əsrin son onilliyinin əvvəllərində Azərbaycanda gedən
proseslərin, baş verən hadisələrin ölkənin gələcəyi üçün əhəmiyyəti
müqayisəyə gəlməyəcək dərəcədə böyük olmuşdur. İlk növbədə,
birmənalı olaraq qəbul edilməlidir ki, 1993-cü ilin iyununda baş
verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən
silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan
insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe
tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq
təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları
xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir,
digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr
vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə Ulu Öndər
Heydər Əliyev Bakıya gəldi.

Ulu Öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin
sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda
inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin
sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud
dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil
Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas
istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük real
təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu
missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə
illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi,
respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən
xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk
dövrlərdə, kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər
Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq
Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması
oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya
düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında
Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu.

Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin
yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və
həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri
arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin
müqaviləsi” imzalandı. Azərbaycana iqtisadi tənəzzülü cilovlamaq,
ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün
artıq hamıya aydındır ki, o zaman Ulu Öndər Heydər Əliyev
tərəfindən bu taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini
yaratmaq da, ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində
əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı.
Beləliklə, Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə
ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması
kimi demokratik prinsiplər bərqərar edildi. Həmin gündən ötən dövr
ərzində Ulu Öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara
imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş
verdi, ordu gücləndirildi. Heydər Əliyevin səyləri nəticəsində
bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da
əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin
rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının
formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli
dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı,
mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün
müvafiq addımlar atıldı. Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına,
mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına
inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının
yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının
yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların
ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər
beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını
təmin etdi.

Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və
inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün
dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan
Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər
milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, onu
aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və
milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman
bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər
Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır.
Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox,
həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm
atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə,
mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət
duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz
tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi
dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi
mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini
daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam
əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə
tərbiyələndirməliyik”.

1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə
Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər
milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış
etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci
ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan
SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi
dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın
funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği
baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca
milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli
tədbirlər görüldü.

Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də
əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci
dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və
özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük
bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan
bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər
ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq
məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və
tərəqqisi üçün işıqlı yolun təməlini qoydu.

1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər
hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla
davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə
gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik
sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu
sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində
Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza
atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir.
Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan
hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında
dinamik inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident
İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı
dayanır. 19 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə
etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və
xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm
qoyub. Heydər Əliyev siyasi kursunun bütün bu illər ərzində
Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla
inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun
illərdən bəri duran ən vacib problemin həllini – işğal olunmuş
torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq
yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha
firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət
edəcək. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində
Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət
meydanına atılan Ulu Öndərimiz Heydər Əliyevin adı və ideyaları isə
qədirbilən xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında
əbədi olaraq yaşayacaqdır.

Kamaləddin QAFAROV
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı

Teqlər: