Təhsil hər bir dövlətin gələcəyidir. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, əgər inkişaf etmiş ölkələrin tarixinə və
bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas
hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır,
innovasiyalardır. Ona görə çalışırıq və bundan sonra da
çalışmalıyıq ki, təhsilin səviyyəsi ən yüksək dünya standartlarına
cavab versin. Ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə
yaxındır. Bu əminlik də ifadə edilir ki, təhsillə bağlı olan
islahatlar, yeniliklər öz nəticəsini verəcək və verir.
Təbii ki, cənab Prezidentin bu inamına əsas verən ölkənin təhsil
sisteminin inkişafı üçün möhkəm təməlin yaradılması və zamanın
tələbinə uyğun olaraq təkmilləşdirilməsidir. Müasir müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev təhsili
millətin gələcəyi kimi dəyərləndirərək bu sahədə biri-birindən
önəmli addımları atmaqla bugünkü inkişafın əsasını qoymuşdur.
Ümummilli Liderin istər hakimiyyətinin birinci, istərsə də ikinci
dövründə Azərbaycan təhsilinin inkişafı prioritet məsələ kimi öndə
dayanıb. Son 18 ildən artıq müddətdə bu xəttin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi təhsil sahəsində
yeniliklərin, təkmilləşmənin davamlı olmasında özünü qabarıq
şəkildə büruzə verir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda təhsil ölkəmizin
dinamik inkişafı ilə paralel addımlayır: “Təhsilə göstərilən diqqət
büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas
hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bunun də
səbəbləri aydındır. Təhsilə yatırılan vəsait gələcəyimizə yönələn
investisiyadır. Hər dövrün tələbinə uyğun olaraq qarşıya yeni
vəzifələr çıxır ki, bunun da icrası kadr potensialını
aktuallaşdırır. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə «Neft
kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərkən bu
hədəfi də açıqlamışdır ki, kadr hazırlığı ölkənin iqtisadi inkişaf
səviyyəsinə uyğunlaşdırılmalıdır.»
YAP Xətai rayon təşkilatının sədri təhsilin inkişafının
məktəbəqədər, həmçinin orta təhsil müəssisələrindən başlandığını
önə çəkərək məktəb binalarının tikintisinin və yenidən bərpasının
prioritet məsələ olduğunu vurğulayıb: “Dövlət başçısı İlham
Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın yeni məktəb
binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların
inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla
təchizatına, ümumilikdə təhsil infrastrukturunun tam yenilənməsinə
göstərdikləri diqqət və qayğının nəticələri göz önündədir.
Ölkəmizin təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq
dönməz xarakter almış, Prezident İlham Əliyevin bu sahəyə diqqət və
qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin
edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmasına
başlanmış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər
həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, bu tədbirlər sırasında
təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının
möhkəmləndirilməsi əsasdır. Bu istiqamətdə məktəb binalarının
tikintisini əhatə edən digər proqramlar da təsdiq olunub. Bakı və
Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə, həmçinin regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarına əsasən ölkədə ümumtəhsil
məktəblərinin infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi
mümkün olmuşdur. Hər yeni tədris ilində cənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyevanın iştirakı ilə onlarla məktəb
binası istifadəyə verilir. Ən ucqar kəndlərdə, qəsəbələrdə belə
modul tipli məktəblərin quraşdırılması təhsilə əlçatanlığı təmin
edir. Qəzalı, istismar müddəti başa çatmış məktəblərlə bağlı
problemlər də öz həllini tapıb.”
“Təhsil islahatları təkcə məktəb binalarının tikintisi ilə
məhdudlaşmır” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, məktəblərdə
təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı,
kurikulumun tətbiqi, yeni dərsliklərin yaradılması və sair
istiqamətlərdə də islahatlar davam edir. Yeni dərslik siyasətinin
tətbiqi, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən
yeniliklər son illər qazanılan uğurlardır. Bir sözlə, istər
məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də
təhsilin digər sahələrində aparılan islahatların məqsədi təhsil
sistemində keyfiyyətin yüksəldilməsidir. Hazırda respublika üzrə
cəmi 4 mindən artıq məktəb var ki, onların çox hissəsi yenidən
tikilib və bu proses davam edir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Heydər Əliyev
Fondunun təhsilin inkişafına xidmət edən layihələri
təqdirəlayiqdir: “Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində 2 mindən artıq yeni məktəb binası tikilib,
eyni zamanda, yenidən qurulub, bərpa edilib. Mayın 2-də Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı
qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında
iştirak etdilər. Heydər Əliyev Fondunun 2005-ci ildən həyata
keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb» layihəsinin əsas
məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək
etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil
kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən
problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə
verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində
inşa olunub. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin,
ətraf kənd və qəsəbələrin sosial- iqtisadi inkişafı ilə bağlı
görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda
Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə
korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki
304 saylı tam orta məktəb isə sayca 14-cüdür. Ümumilikdə ölkəmizdə
təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və
yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz
edilməsi gənc nəslin daha savadlı və bilikli yetişməsinə
hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası
şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha
keyfiyyətli təhsil almasına şərait yaradır.”
Vüqar Rəhimzadə dünyada innovasiyalar ölkəsi kimi tanınan
Azərbaycanda ali təhsil müəssisələrinin maddi-texniki bazalarının
möhkəmləndirilməsi, həmçinin tələbələrin elmin sirlərinə daha
dərindən yiyələnmələri üçün atılan addımlardan da bəhs edib:
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən,
innovativ təlim-tədris texnologiyalarından yararlanaraq,
Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil
sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili
diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət başçısı İlham
Əliyevin bu il imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın da əsas
məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın
dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab
verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və
bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə
cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar
kadrların hazırlanmasını təmin etməkdir.”
YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki, tarixi
Zəfərimizin yaratdığı reallıqlar islahatlar prosesinin digər
sahələr kimi, təhsildə də davam etdirilməsini bir zərurətə çevirir.
“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa
edilən işğaldan azad olunmuş ərazilərimiz müasir dövrün
yeniliklərini özündə əks etdirir. Bu baxımdan “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in iqtisadiyyatın
uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına,
insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə
artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı
baxımından xüsusi əhəmiyyət kəsb edir.