Ölkəmizdən İrana keçmək istəyən əcnəbilər saxlanıldı

Ölkəmizdən İrana keçmək istəyən əcnəbilər saxlanıldı

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb.

Bu barədə AzerTimes-a Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 15-də saat 08:50-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il təvəllüdlü Seevarathnam Vijayakumar, 1993-cü il təvəllüdlü Ukenthiran Sayanthan və 1999-cu il təvəllüdlü Ramachandran Thilakshan sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərdən üçünün rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə, birinin isə Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbay­cana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan İrana, oradan isə Türkiyəyə keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: