Ölkədə bu qrup Bakının dostlarını düşmənə çevirir

Ölkədə bu qrup Bakının dostlarını düşmənə çevirir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev Teleqraf.com-a geniş müsahibə verib,

AzerTimes müsahibəni təqdim edir:

– Azərbaycan cəmiyyəti üçün tanınmış bir sima – “Rus dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqinin qızı Daryanın faciəli ölümünə sosial şəbəkələrdə və cəmiyyətdə ikili münasibət müşahidə olunur. Bir qrup bu faciəyə etinasız yanaşsa da, bəziləri hesab edir ki, 44 günlük Vətən müharibəsində Duqin Azərbaycanın həqiqi dostu olduğunu sübut edib. Sizcə, Duqin Azərbaycanın dostudurmu?

– Duqin 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq davasını, Qarabağda suverenliyin bərpa olunmasını çox müsbət qarşılayıb və ölkəmizin yanında olduğunu bildirib. Duqinin o məsafədən bizə uzatdığı əli Azərbaycan cəmiyyətinin kəsməsi ictimaiyyətimiz haqqında bir etibarsızlıq imici formalaşdırır. Bu zaman Azərbaycana əl uzadacaq dövlətlərin hamısı oturub fikirləşməli olur ki, sabah ayağımız büdrəsə, bu xalq bizə hansı reaksiyanı göstərəcək. Hərçənd ki, Azərbaycan region dövlətləri içərisində dostluğa, qardaşlığa həqiqətən də ən sadiq ölkədir.

Çeynənmiş ifadə olsa da, ancaq faktiki olaraq bu gün “5-ci kolon” var. Gözləmədiyimiz insanlar çıxıb sosial şəbəkələrdə, mediada bizə əl uzadan adamları elə formada təhqir edirlər ki, çaşbaş qalırsan. Biz getdikcə özümüzdən çox başqa millətlərə oxşamağa başlayırıq. Bu günlərdə Ermənistanın paytaxtı İrəvanın “Sürməli” ticarət mərkəzində bir partlayış baş verdi. Sosial şəbəkələrdə azərbaycanlıların hadisəyə münasibətini müşahidə edirəm, məlum videonu paylaşaraq “davamı gəlsin” yazırlar. Axı biz insanın faciəsi üzərində öz sevincimizi dadacaq xalq deyilik. Bizi niyə belə xalq kimi təqdim etməyə çalışırlar? Bu obraz bizim xalqa yaraşmır. Buna etiraz edəndə də səni linç edirlər. Bu gün cəmiyyətimizdə Duqinin qızının ölümünə də bəzi hallarda oxşar münasibət var. Az qalıb, bəziləri Ukraynaya dəstək nümayişi də keçirsin ki, bu hadisə nə yaxşı baş verib! O insanlar sosial şəbəkədə məlumatsız insanları da manipulyasiya dirlər. Bu, yeni yaranan tendensiyadır. Əvvəllər belə şeylər olurdusa da, paralel olaraq dövlətin nəzarəti də var idi. Ən pisi odur ki, bu, idarəolunmaz hala keçir.

– Bu münasibət daxildə baş verən proseslərdə də müşahidə olunur. FHN-in məlum video olayları media və sosial şəbəkələrin gündəmindən düşmür. Bunu necə qiymətləndirirsiz?

– Bu, bizi ağrıdan olaydır. Jurnalistikada, siyasi hərəkatda tanıdığım xeyli insan var ki, hesab edirdim sabah hansısa bir durğunluq prosesindən aktiv fazaya keçəriksə, yenə də onlarla bir yerdə olarıq. Ancaq görürəm ki, bu fikirlərimdə yanılmışam. Milyonların qarşısında qələmini sındırmayan jurnalistlər sosial şəbəkədən gələn 5-10 bəyənməyə əyildilər. Kütlənin fikrini xalqın fikri, mental dəyər kimi cəmiyyətə sırıyırlar.

FHN-də baş verən hadisə xalqımızın müzakirə predmeti ola bilməz. Bundan əvvəl mobil telefonlar yox idi, ağsaqqallar kənddə kimsə kiminsə boşanmasından danışanı susdururdu ki, “boşanma” sözü eşidilməsin. Onlar görə-görə gəlmiş insanlar idi, düşünürdülər ki, həqiqətdirsə belə, bunu heç kəs eşitməməlidir. İndi boşanmalar, intiharlar, ailə üzvlərinin bir-birini öldürməsi adiləşib.

FHN olayını bu qədər qabardıb dövlətin üzərinə hücuma keçmək olmaz. Sosial şəbəkələrdə bir video da yayıldı. Küçədən keçən bir şəxs FHN-in inzibati binasına daxil olub növbətçi hissədə olan əməkdaşın üzərinə gedib təcili münasibət bildirilməsini tələb edir. Bu şəxs nə jurnalist, nə də blogerdir. Çünki onlar ən azından işlədiyi redaksiyada etik qaydanı öyrənir. İndi əlində telefon olan başıpozuqlar istənilən idarəyə girə bilər.

Ən pisi də odur ki, dövlət bu insanların qarşısından qaçır. Normalda bu şəxs inzibati binaya buraxılmamalı idi. Əgər daxil olubsa belə, dərhal 102 xidmətinə şikayət edilməli və polis əməkdaşları onu aparmalı idi.

Dövlət “məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə qoruna bilməz. Yeni bir presedent yaranır. İnsanları qızışdırıb sosial şəbəkələrdə hücuma keçirlər, dövlət bunun qarşısına çıxmır, hansısa bir təbliğat aparılmır. FHN-in binasına girən şəxsə niyə cinayət işi qaldırılmadı? O, xuliqanlıq edib dövlət orqanının işini iflic edib və binaya hücum edib. Belə hadisələrdə dövlətə o qədər basqılar olub ki, bu işlərə cavabdeh olacaq şəxslər kənara çəkilirlər. Bunun da günahı bizdədir. Prokurorluq dövlətin bütün qurumlarının hüquqi müstəvidə qorunmasına cavabdehdir.

Prokurorluq jurnalisti və yaxud da blogeri hansısa neqativ fəaliyyətinə və ya yalan məlumat yaydığına görə çağırıb xəbərdarlıq edir. Bundan sonra hamı deyir ki, söz azadlığı boğulur. Yaxşı, qəbul edək ki, bu, söz azadlığının boğulmasıdır, bəs qeyri-etik ifadələri yazmağı mən özümə yaraşdırıram?! Ümumiyyətlə, özünə hörmət edən jurnalist xəbərdarlıq olunan həmkarlarının fəaliyyətini özünə rəva görmür, amma onu müdafiə etmək məcburiyyətindədir. Çünki biz jurnalistik, söz azadlığını qoruyuruq. Bu söz azadlığının da bir həddi olmalıdır. Əgər bu azadlıq dövlətə, xalqın sosial rifahına təhdid yaradırsa, dövlətçiliyə zərbə vurursa, bu, anarxiyaya çəkən bir prosesdir. Bu zaman jurnalist olaraq susuruq və dövlət buna reaksiya göstərəndə də üzərinə gedirik. Sanki özümüz də dövlət strukturlarına hücuma keçirik ki, biz nə istəyirik yazacağıq, siz qarışmayın. Bu zaman da xaos yaranır.

– Qeyd etdiyiniz kimi Baş Prokurorluqda media rəhbərləri ilə keçirilən görüş birmənalı qarşılanmadı. Sizcə, dövlət və hüquq-mühafizə orqanları məsələyə necə əl qoymalıdır?

– Görüşlərlə nəyinsə qarşısını almaq mümkün olmayacaq. Görüşü keçirirlər, sonra “Prokurorluq mediaya təzyiq etdi” deyə səs yayılır. Bununla da Qərbdə adını “insan hüquqları və söz azadlığı” təşkilatı qoyanların hesabatını zənginləşdirdik ki, Azərbaycanda mətbuata təzyiq var. Çünki onların dövlətlərində Prokurorluq mətbuata heç nə demir.

Görüşdən çıxandan sonra sosial şəbəkələrdə bundan da artığını davam etdirməyə başlayırlar. Sanki jurnalistləri harasa çağırıb xəbərdarlıq edəndə öcəşmə gedir. Yəni bu görüşlə heç nəyin qarşısını almadılar, bu fəaliyyət sözdən əmələ keçməlidir.

Belə görüşlərlə kimlərinsə hesabatı zənginləşir, bundansa, kiminsə konkret əməlinə görə cəza verilməlidir. Sosial şəbəkələrdə bu kimi neqativləri qərəzli şəkildə yayan, dövləti və nazirlikləri gözdən salmağa yönələn çıxışları paylaşan insanlar cəzalandırılmalıdır ki, digərləri bundan dərs götürsün. Dediklərim aqressiv görünə bilər, jurnalistikaya, söz azadlığına qarşı çıxmaq kimi də qiymətləndirilə bilər, amma mən bundan qorxmuram. Bir halda ki dövlətim əldən gedir, o zaman bunları deməkdən çəkinmirəm.

Bir dəstə var, demədiyin sözləri mətbuata çıxarıb yazır. Bu yaxınlarda sosial şəbəkələrdə deputat Sevinc Fətəliyevanın adından uydurma və cəfəng sitat paylaşılmışdı. Eyni hal bundan öncə dəfələrlə müxtəlif deputatlara qarşı olub.

Ümumiyyətlə, linçetmə əməliyyatları dayandırılmalıdır, bunun başında dayananları tapıb cəzalandırmaq lazımdır. Ölkənin təhlükəsizliyinə cavabdeh olan bütün hüquq-mühafizə orqanlarının qarşısında duran ən vacib məsələlərdən biri də sosial şəbəkələrdə Azərbaycanda qarşı missionerlərin qurduğu tələlərin qarşısını almaqdır.

– Sizcə, bəs ictimai qınaq olmamalıdır?

– İctimai qınağa heç kəs təsir edə bilməz. Ancaq ictimai qınaq konkret o situasiyanı yaradan şəxsə qarşı olmalıdır. Biz ictimai qınağı götürüb siyasi hücuma çeviririk. Tək bu məsələdə yox, kabinetdə rüşvət alanlara qarşı da ictimai qınaq olmalıdır. Dövlət korrupsioneri həbs edir, yazırlar ki, onun nə günahı vardı, başda oturanlar qalıb. Yəni dövlət nə etsə, işi bununla bitmir, yenə ona qarşı hücuma keçirlər. İnsanları bu şəkildə xaotik vəziyyətə sürükləyirlər. Hesab edirəm ki, dövlət birmənalı olaraq göstəriş verməlidir. Bu fəaliyyətlə məşğul olan dəstələri, qrupları aşkar edib ictimai qınaq obyektinə çevirməlidir.

– Maraqlıdır, bu olay Türkiyə, Rusiya, eləcə də Avropa ölkələrində baş versəydi, media və cəmiyyətin reaksiyası necə olardı?

– Bu cür hallar çox yerlərdə baş verir. Məsələn, ABŞ-ın keçmiş prezidenti Bill Klintonla Ağ Evin təcrübəçisi Monika Levinski arasında sevgi macərası 1988-ci ildə ictimaiyyətə məlum oldu. Həmin vaxt Ağ Evin sahibi impiçmentdən yaxasını zorla qurtardı. Bu məsələ cəmiyyətin heç vecinə də deyildi. Çünki bu insanlar tamamilə başqa mentalın daşıyıcılarıdır. Azərbaycanda insanı linçetmə metodu mental dəyərlər üzərində qurulub. Bir insandan qisas almaq istəyirlərsə, onun haqqında pis imic formalaşdırırlar. Əgər Duqini susdurmaq üçün Azərbaycanda gedən prosesin hansınısa Rusiyada tətbiq etsəydilər, cəmiyyət normal baxacaqdı. Amma Rusiyada terroru seçdilər. Azərbaycanda isə bu institutlar “yaxşı” işləyir. Başda oturanları ləkələmək üçün, aşağıda oturanla əlaqəli belə bir olayı şişirdib qabardırlar.

Avropa ölkələrində isə belə üsullar keçmir. Dövlət müəssisəsində kişi kişi ilə nikaha girir. Ancaq Azərbaycanın mentalında bu, ölümdən betər bir haldır və bununla insanların üzərinə getmək çox rahatdır.

Sonra cəmiyyətdə nazirlikdə işləyən qadınlara bir etimadsızlıq yaradırlar. Günümüzdə kişilərin əksəriyyətinin qadının işləməsinə etirazı olub. Bu hadisə ailələrdə qadınlara basqını bir az da artacaq. İşləyən qadınlara münasibət dəyişəcək, hətta qadınlar özləri işdən qaçacaq. Ölkəmizdə vəziyyət o həddə çata bilər ki, dövlət müəssisəsində işləyib evinə getmək istəyən qadın qorxusundan uniformasını nazirlikdə, qurumda dəyişib çıxacaq.

– Media məlum video hadisəsi ilə bağlı necə münasibət sərgiləməli idi?

– Bunu tirajlayana, əlində bayraq tutub dövlətin üzərinə gedənlərə fikrimizi bildirməli və onları neytrallaşdırmalı idik, amma səssiz qaldıq. Hərə başını götürüb bir tərəfə qaçdı ki, birdən etirazçılara qarşı nəyisə deyərəm, kiminsə xoşuna gəlməz, məni də linç edərlər. Bu gün mətbuat nümayəndələri əlində olan resursu itirməkdən qorxur. Doğrudur, gündəmdən düşməyən bu məsələyə etiraz edənlər oldu, amma kütlənin qarşısında kifayət etmirdi. Mətbuat etiraz bir yana, bəzən də özünü məsələdən bixəbər kimi aparır. Amma bəzi hallarda da götürüb videonu digərlərinə göndərirdi, son nəticədə alt təbliğatçılara çevrildi.

– Gündəmi dəyişmək üçün ard-arda sanki zəlzələ effekti verən mövzular atılır. Bu durumu yaradan amillər nələrdir?

– İndi az qala gündə iki dəfə gündəm dəyişilir. Bu, artıq insanların qazını buraxmaq yox, insanlara qaz verməkdir. Bu proses dayanmalıdır. Bunun siyasi çalarını axtarsam da, tapa bilmirəm, məntiq yoxdur. İnsan öz oturduğu binanın bünövrəsini niyə sökməlidir?! Demirəm insanları susdurmaq lazımdır, ən azından onları qızışdırmaq lazım deyil.

Bu gün Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri erməni işğalçılarından boşaldılır. Amma biz bu qələbə haqda bir kəlmə yazıb, yenə FHN-nə keçirik. İnanmıram ki, mövcud durum bu sahəyə cavabdeh olan qurumların bacarıqsızlığından irəli gəlir. Ya bunu etmək istəmirlər, ya da bu orqanlar arasındakı rabitə kəskin şəkildə pozulub. Hər bir sahənin öz inkişaf tempi olduğu kimi içərisində bir narazılıqları da var. Bütün sahələrdə narazılıqları bir növ körükləyirlər ki, hamı birdən ayağa qalxsın. Axı biz o demokratik cəmiyyətə, struktura və inkişafa malik bir dövlət deyilik ki, bütün sahələrin birdən islahatını aparaq.

Teqlər: