Ölkə ərazisində tikintisi davam etdirilən yolların siyahısı açıqlanıb

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində
tikintisi davam etdirilən yolların siyahısını açıqlayıb.

AzerTimes-ın məlumatına görə,
Agentlik sədri Saleh Məmmədov bildirib ki, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonları ərazisində olduğu kimi respublikamızın
digər ərazilərində də əvvəlki illərdə icrasına başlanılan və
hazırda da davam edən yol infrastrukturu layihələrimiz var.

“Bunlar M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan
Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa
genişləndirilməsi (130.15 km), Ələt-Astara-İran İslam Respublikası
ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik
hissəsinin (3 km) və Astaraçay çayı üzərində körpünün tikintisi,
Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində uzunluğu 23.7 km
olan “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı
avtomobil yolunun 4 zolağa genişləndirilməsi, Susay-Xınalıq
avtomobil yolunun tikintisi (34.8 km), Sumqayıt-Hacı Zeynalabdin
Tağıyev qəsəbəsi (16 km) avtomobil yolunun yenidən
qurulmasıdır.


Həmçinin Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (67.6 km)
yenidən qurulması və Ağsu çayı ilə kəsişmədə yeni körpü və tunelin
tikintisi, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki
hissəsinin yenidən qurulması (47.2 km), Abşeron rayonu ərazisində
yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm
infrastrukturuna aparan uzunluğu 20.5 km yeni avtomobil yolunun
tikintisi, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin
Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və
piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının
tikintisi də davam etdirilir”,-deyə S.Məmmədov bildirib

Teqlər: