Olimpiya çempionumuz Radik İsayev Avropa çempionatında bürünc medal qazanıb

Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan
taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

AzerTimes-ın
məlumatına görə, yarışın sonuncu günündə Azərbaycanın daha üç
taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac
Qafarov 1/16 final mərhələsində Kunter Stroom Karlla (Estoniya)
qarşılaşıb. Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən
idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı
ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

“Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi olan Radik İsayev (87
kq-dan yuxarı) dörddəbir finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı
ilə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında
türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa
çempionatında bürünc medal qazanıb.

Qadın taekvondoçumuz Fatimə Məcidova (57 kq) 1/16 finalda
italiyalı Giada Al Halvani ilə qarşılaşıb. Rəqibinə 0:22 hesabı ilə
məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün, həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini
sınayıb. Sadiq Həmidovun (63 kq) ilk rəqibi özbəkistanlı Zuxriddin
Toxirov olub. Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə
yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinala
adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq
yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5
parataekvondoçu ilə təmsil olunub. Daha əvvəl parataekvondoçulardan
İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalov (58 kq) bürünc
medal əldə ediblər. Digərləri qitə çempionatını medalsız başa
vurublar.

Teqlər: