Oksana hansı “təcrübəsini” tələbələrlə bölüşüb?

Oksana hansı “təcrübəsini” tələbələrlə bölüşüb?

Naxçıvan Universiteti “Həmsöhbət” layihəsinə start verib və ilk qonaq da Rəqsanə Rəsulova olub.

Universitetin paylaşdığı xəbərdə bildirilir ki, rəqqasə Oksana öz həyat və iş təcrübələrini bölüşüb, həkimlik oxuduğunu, ancaq incəsənətə maraq göstərdiyindən, aktrisa, rəqqasə və bloger olduğunu deyib.

Naxçıvan Universitetinin fakültələrinə baxıram: idarəetmə, pedaqoji, xarici dillər və iqtisadiyyat.

Kafedralarına baxıram: Azərbaycan dili və ədəbiyyatı, Beynəlxalq münasibətlər, İqtisadiyyat, İdarəermə, Pedaqogika və psixologiya, Riyaziyyat və informatika, Ümumi tarix, Təbiət elmləri, İlahiyyat, Xarici dillər.

Bitdi – bu universitetin əhatə etdiyi fakültə və kafedralar bununla məhdudlaşır.

Yaxşı, tələbələrin ixtisaslarına uyğun dünyagörüşlərini inkişaf etdirmək üçün bu ölkədə alimmi azdır? İdarəetmə, iqtisadiyyat kimi ixtisaslara yiyələnmək istəyən tələbələrə blogerlik təcrübəsi niyə keçilir ki?

Xəbərdə ən dəhşətlisi “bloger kimdir” sualına cavab deyil, tələbələrin bu sualı verməsini universitetin öz saytında yerləşdirməsidir.

Siz hansı səviyyədə və hansı əsrdə qalmısınız?

Tələbələrin dünyagörüşünü formalaşdırmaq, həyata baxışlarına nizam vermək istəyirsinizsə, bu ölkədə necə gözəl şair, yazıçı, incəsənət xadimi var – saymaqla bitməz: özünü təsdiqləmiş nəhəng aktyorlarımızdan tutmuş gənc istedadlara qədər; nəinki Azərbaycanda, türk arealında sözünü demiş nəhəng şair-yazıçılardan tutmuş parlaq istedadı olan orta nəslə və gənclərə qədər – Allah bu məmləkətə nə verməyib ki?!

Naxçıvan Universitetində “Həmsöhbət” layihəsinin ilk qonağı niyə elə naxçıvanlı Rüstəm Behrudi kimi türk dünyasının ən sevilən şairlərindən biri olmamalıdır?

Rüstəm bir dünyadır, öz aləmi, öz baxışı və özünəməxsusluğu var: təpədən dırnağa millidir, “öz”dür, özəldir, bizimdir və Naxçıvanındır! Rüstəm Behrudi niyə olmamalıdır ilk qonağınız? Rüstəmdan o gənclərin öyrənəcəyi bilirsinizmi nələr var?

Qulu Ağsəsdən başlamış gənc Aqşinə qədər – necə gözəl şairlər var. Niyə onlarla görüş olmamalıdır? Niyə kitaba sevgi doğuran bu insanlarla görüş əvəzinə tələbələr blogerliyə yönləndirilməlidir?

Bu idarəetmə, iqtisadiyyat, pedaqoji fakültələrinin tələbələrinə rəqqasə nə öyrədə, hansı təcrübəsini bölüşə, onları nəyə istiqamətləndirə bilər?

Hələ utanmadan bunu Naxçıvan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərinin bir hissəsi kimi də təqdim edirlər: guya “bu çərçivədə” “Həmsöhbət” layihəsinə start veriblər və ilk qonaq da bu ölkənin fikir, düşüncə adamı yox, rəqqasəsi olub.

Hansı zehniyyətlə ali təhsil ocaqlarını idarə edirlər – anlamaq olmur…

Teqlər: