Ermənistan Baş naziri Nikol Paşinyanın təlimatıyla keçmiş müdafiə naziri və parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan haqqında cinayət işinin açılmasına və həbs qərarı verilməsinə tam əsas var. Ohanyan ordunu baş nazirin əmrlərinə tabe olmamağa çağırıb. “Ordu baş nazirin kəndlərdən çıxma əmrinə tabe olmamalıdır” deyən Ohanyan bununla faktiki ordunu Ali Baş Komandan vəzifəsini daşıyan baş nazirə qarşı qiyama və qanunsuzluğa dəvət edib.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Ohanyan və onun arxasındakı güclər Ermənistana dəxli olmayan 4 kəndə görə Azərbaycanla savaş arzulayırlar. Onlar bilirlər ki, yenə məğlub olacaqlar, sadəcə erməni hərbçilərin itkiləri hesabına Nikol Paşinyanın mövqelərinin zəifləyəcəyini düşünürlər. Bu o zaman baş verə bilər ki, həqiqətən ordu komandanlığı Nikol Paşinyanın çəkilmə əmrinə tabe olmasın. Bu halda ordu yalnız bu qanunsuzluqla kifayətlənməyəcək, müxtəlif güclərlə birləşərək Nikol Paşinyanı devirməyə çalışacaq. Tanklar İrəvana daxil olacaq. Bu ssenari Ermənistanı vətəndaş müharibəsinə sürükləyəcək. Ona görə də nə qədər ki, erməni hərbçiləri yoldan çıxarmayıblar, Paşinyan tələsməli və 4 kəndin Azərbaycana qaytarılması məsələsini uzatmamalıdır”, – politoloq vurğulayıb.
Qeyd edək ki, Ohanyan ordunun “qanunsuz əmrə tabe olmamaq hüququ” olduğunu iddia edib.